Aprel dumanı... - Müşfiq Abbasov yazır
    • 10-08-2020, 15:05
    • 2 401

Aprel dumanı... - Müşfiq Abbasov yazır

Aprel döyüşləri ordumuzun düşməndən nə qədər üstün olduğunu göstərdi. Lakin bu gün cəmiyyətimizdə, xüsusilə sosial şəbəkələrdə aprel döyüşlərində hərbiçilərimizin xəyanətə uğradığı, satqınlıq olduğu bildirilir.

Hamımıza məlumdur ki, aprel döyüşləri zamanı ermənilərin tör-töküntüləri ölsə də, Azərbaycan Ordusunun say-seçmə zabit və gizirləri də həlak oldu. Bəs, bu necə baş verdi? 

N saylı hərbi hissə Azərbaycan Müdafiə Nazirliyinin əsl peşəkarlardan ibarət hərbi hissəsidir. Rəhmətlik Milli Qəhrəman Murad Mirzəyev, Samid İmanov, Pəncəli Teymurov və digərləri bu hərbi hissənin zabit-gizirləri idi. Aprel döyüşləri zamanı ordumuz iki istiqamətdən düşmən üzərinə hücuma keçmişdi. Bunlardan biri Beyləqandan Fizuli-Lələtəpə istiqamətində, digəri isə Tərtər və Goranboydan Ağdərə-Talış istiqamətində idi. Birinci istiqamətdəki hücuma həmin vaxt polkovik rütbəsində olan Mayis Bərxudarov rəhbərlik edirdi. Düzənlik ərazidən tankların və BMP-lərin iştirakı ilə Lələtəpə istiqamətində başlayan sürətli hücum çox uğurlu alınmışdı və minimum itki ilə yüksəklik hərbiçilərimiz tərəfindən tutulmuşdu. Bu, çox uğurlu əməliyyat idi.  

Ən böyük itkilərimiz ikinci istiqamətdə oldu. Əslində döyüşün ilk günlərində Talış kəndi istiqamətində polkovnik-leytenant Murad Mirzəyevin başçılıq etdiyi xüsusi təyinatlı qüvvələr çox sürətlə irəliləyib qarşılarına çıxan bütün erməni postlarını məhv edirdilər. Hücum gecə saatlarında başladığına görə döyüşmək bizim peşəkar hərbiçilərimiz üçün asan idi. Çünki onlar illərlə bu döyüşə hazırlaşmışdılar. Erməni postlarında duran hərbiçilər isə qeyri-peşəkar və təcrübəsiz əsgərlər olduğundan Muradın təxminən 100 nəfərdən ibarət  bölməsi asanlıqla onları məhv edə bildi. Panikaya düşən erməni əsgərləri peşəkar hərbiçilərimiz qarşısında tab gətirə bilməyərək qaçırdılar. Muradın bölməsi isə sürətlə irəli gedirdi. Ermənilərin məskunlaşdığı Talış kəndinə daxil olan Murad Mirzəyevin bölməsi kəndi tam nəzarətə götürmüşdü. 

Talış kəndi iki yüksəkliyin arasında yerləşır. Murad Mirzəyevin bölməsi yüksəkliyin birini azad edib kəndə daxil olmuşdu. Hədəf kəndin digər hissəsində yerləşən yüksəkliyi də almaq idi. Lakin qəfildən gələn “dayan!” əmri hər şeyi alt-üst edir. Talış kəndində möhkəmlənmək üçün növbəti yüksəklik hökmən ələ keçirilməli idi. Yəqin ki, yazdıqlarımı hərbiçilər də oxuyacaq və onlar bunu daha yaxşı anlayacaq. 

Növbəti əmr o idi ki, Talış kəndində müdafiə təşkil olunsun və kənd əldə saxlanılsın. Ermənilər isə məlum yüksəkliyə çoxlu sayda canlı qüvvə və texnika gətirdilər. Onlar Talış kəndinə çoxsaylı minaatanlardan zərbələr endirməyə başladılar. Nəzərə alın ki, Talış kəndində olan mövqelər əvvəldən onlara məlum idi və bütün koordinatları bilirdilər. Bu səbəbdən də minaatanlarla kənddəki mövqeləri dəqiq vururdular. Bir neçə saat müdafiə olunan Muradın dəstəsi itkilər verməyə başlayırdı. Axı, onlar müdafiə olunmaq üçün deyil, hücum üçün yetişdirilmişdi. Kəndi əldə saxlamağın imkansız olduğunu görən bölmələrimiz itki verərək, geri çəkilməyə məcbur oldu. Geri çəkilərkən düşmənin atdığı minamyot zərbələrinin qəlpələri Muradın bölməsinə əsl faciə yaratdı. Onun bölməsinin əsgərləri döyüşdə avtomat güllələrindən deyil, artilleriya zərbəsi zamanı qəlpə yaralanmasından ölürdü. Muradın özü də bir neçə qəlpə yaraları aldı. Uzun müddət yaralı hərbiçilərimizi artilleriya zərbələrinin altından çıxarmaq mümkün olmadı. 

Həmin döyüşlərdə iştirak etmiş yaxın dostum mənə dedi ki, rəhmətlik Samid İmanov kolların birinin dibində yıxılmışdı. Onun ölümü də qəlpə yaralanması nəticəsində qanitirmədən olmuşdu. Biz onu yerdən götürmək istəyərkən gördüyümüz mənzərə yaddaşımdan heç vaxt silinməyəcək. “Onun ovcunda "vilkası" çıxarılmış “F-1” qumbarası vardı. Qumbaranı əlində elə sıxmışdı ki, ovcunu güclə açdıq. Murad Mirzəyev və Samid İmanov erməni ordusuna bərabər idi. 

Aprel dumanı heç bir vaxt Talış kəndinin üzərindən çəkilməyəcək...

Müşfiq Abbasov