Deputatın qardaşı oğlunun cinayət işi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA
    • 24-08-2020, 12:01
    • 458

Deputatın qardaşı oğlunun cinayət işi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Baş Prokurorluq deputat Əhliman Əmiraslanovun qardaşı oğlu Emil Vaqif oğlu Əmiraslanov barəsində cinayət işinin başlanması barədə xəbərə münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Emil Əmiraslanov barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi istintaq olunur.

Qeyd edək ki, demokrat.az saytının yazdığına görə, Emil Əmiraslanovun barəsində bir müddət əvvəl vətəndaş Tamella Fərzəliyeva tərəfindən də şikayət olunub. Şikayətçi bildirib ki, 115 250 manat civarında qızıl-zinət əşyaları götürüb və qaytarmayıb. İddiayaya görə, Emil Əmiraslanov həmin vəsaitin 30 000 manatlıq hissəsinin qarşılığında vasitəçilik xidməti təklif edərək iş görəcəyini vəd edib. Qalan böyük hissəsini isə borc kimi alaraq hər ay hissə-hissə, hər dəfə 10 000 manat qaytaracağını söz verib.