Prokurorluq əməkdaşları video-görüşdə iştirak ediblər
    • 27-08-2020, 16:39
    • 804

Prokurorluq əməkdaşları video-görüşdə iştirak ediblər

Prokurorluq əməkdaşları mütəşəkkil cinayətkarlıq fəaliyyəti nəticəsində əldə edilən aktivlərin səmərəli şəkildə izlənilməsi və müsadirəsi mövzusunda regional video-görüşdə iştirak ediblər.

News24.az xəbər verir ki, prokurorluq əməkdaşlarının maliyyə xarakterli cinayətlərin araşdırılması sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə görülən tədbirlər çərçivəsində onların təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq təlimlərdə iştirakı təmin olunur. 
Belə tədbirlərin davamı olaraq, cari ilin 24 avqust tarixində Birləşmiş Millətlər Təşkilatının Cinayət və Ədliyyə üzrə Regionlararası Tədqiqat İnstitutunun (UNICRI) ekspertləri və Azərbaycan Respublikasının Prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə “Zoom” onlayn platforması qaydasında video-görüş keçirilib.

Video-görüşdə UNICRI-nin aktivlərin bərpası üzrə ekspertləri ilə yanaşı Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin böyük prokuroru Rövşən Abdullayev, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin əməkdaşı Elmir Zeynalov və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Kamil Kamilli iştirak ediblər.

Tədbirdə mütəşəkkil cinayətkarlıq fəaliyyəti nəticəsində əldə edilən aktivlərin səmərəli şəkildə izlənilməsi və müsadirə edilməsi, qanunsuz olaraq əldə edilmiş aktivlərin dondurulması, saxlanılması, müsadirə edilməsi və bərpa olunması istiqamətində fəaliyyətin qurumlararası və trans-sərhəd şəkildə əlaqələndirilməsinin təkmilləşdirilməsi, “COVID-19” pandemiyasının müxtəlif sahələr, o cümlədən, korrupsiyaya qarşı mübarizə sahəsi üzərindəki mənfi təsirləri kimi aktual mövzuların müzakirəsi həyata keçirilmiş, qeyd olunan mövzularla əlaqədar ayrı-ayrı ölkələrin müsbət təcrübələri dinlənilib.