500 nəfəri çağırıb, ömür boyu borc ödəmək yerinə... - Məşhurlardan TOYLARLA BAĞLI TƏKLİF
    • 28-08-2020, 11:15
    • 920

500 nəfəri çağırıb, ömür boyu borc ödəmək yerinə... - Məşhurlardan TOYLARLA BAĞLI TƏKLİF

Azərbaycanda bu ilin 14 mart tarixindən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində toy məclislərinin keçirilməsini qadağan edib. 5 aydan çoxdur ki, insanlar öz toy mərasimlərini təxirə salır və karantinin tezliklə bitməsini gözləyirlər. Avqustun 15-dən Operativ Qərargah ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq havada saat 09:00-dan 22:00-dək hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla və sanitar-epidemioloji vəziyyəti gözləməklə xidmət göstərilməsinə icazə verdi. 

Bəs restoranlarda mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərə əməl etməklə toy mərasimlərini təşkil etmək mümkündürmü? 

Yəni belə bir icazə olub-olmamasından asılı olmayaraq, tanınan simalar və mütəxəssislərin bu mövzuya münasibəti necədir?

Məsələ ilə bağlı News24.az-a danışan professor, həkim-cərrah Adil Qeybulla qeyd edib ki, stollar arasındakı məsafə gözlənilməklə, hər masada 5-6 nəfər oturmaqla toy mərasimlərini təşkil etmək tibbi baxımdan düzgündür:    

“Toyların bərpasına çalışmaq lazımdır. Qapalı mühitlə açıq havada fəaliyyət göstərən restoranlar arasında fərqlər var. Belə bir mühitdə kondisioner yox, havalanma sistemi lazımdır. Hansısa bir versiyanı müəyyən nizama salaraq, reallaşdırmaq olar. Açıq havada təşkil edilən bir toy məclisinə 300-500 yox, konkret qohum və əqrəbadan ibarət 100 nəfərə qədər adamın iştirakı məqbuldur. Bunun bir formatı seçilməlidir. Sosial distansiya qorunmalıdır. 

Sanitar-epidemioloji qaydaları gözləməklə toy mərasimləri təşkil ediləcəyi təqdirdə, bir sıra nüasnlara diqqət etmək lazımdır. Xəstə adamların girişinə qadağa qoyulmalıdır. Yarı qapalı restoranlarda təşkil edilən mərasimlərdə kondisioner çalışsa, yoluxma arta bilər. Əllər mütləq şəkildə dezinfeksiya olunmalıdır. Yaxşı olar ki, girişdə bütün qonaqların temperaturu qeyd edilsin. Bütün bunların hamısı mühüm şərtdir”. 

Milli məclisin deputatı Fazil Mustafa vurğulayıb ki, Operativ Qərargah bu məsələdə çox anlayışsız davranıb: 

“Tərəfdarıyam ki, toy məclisləri keçirilsin. Bu qədər məhdudiyyəti qoymağın mənası yoxdur. Nəzarət təyin olunmalıdır. Onsuz insanlar evlərində qapalı formada ad günü və ya geniş tədbirlər keçirirlər. Əksər insanlar həyət evində yaşayır. Onların bağı, villası və şəraiti var. İstənilən formada tədbirlərini reallaşdırırlar. Bu məhdudiyyətlər ailə quruluşuna, demoqrafik vəziyyətə kifayət qədər təsir edir. Müəyyən bir say məhdudiyyəti qoymaq lazımdır. 50 nəfər kifayət edər. Bundan əlavə, məclisdə 1 müğəninin iştirakı labüddür. Məclislərin təşkili üçün isə 3 saat kifayətdir. Həmçinin, sosial məsafə gözlənilməklə, təhlükəsizlik qaydalarına əməl etməklə toyla bağlı bütün məsələlər öz həllini tapa bilər. Zənnimcə, bu məsələdə vətəndaşlara əziyyət verilir”. 

Xalq artisti Rasim Balayev saytımıza bildirib ki, toy mərasimləri ilə bağlı məsələdə ortaq bir nöqtə tapmaq lazımdır: 

“Ümumən bizim toylarımız və yaslarımız əvvəldən mənim xoşuma gəlmir. Çünki məclis təşkil edərkən, israfa yol verirlər. Ancaq Operativ Qərargahın toyla bağlı məlum qərarından sonra aylardır toy etməyi gözləyən gənclər var. 500 nəfəri çağırıb ömür boyu borc ödəmək yerinə 50 nəfər yaxınları çağırmaq mümkündür. Yoldan keçənə dəvətnamə vermək lazım deyil. Türkiyədə keçirilən toy mərasimlərini nümunə götürmək olar. Qardaş ölkənin toylarında hər şey öz normasında və səliqəli formada reallaşır. Bizdə də eyni qaydada sosial məsafəni və epidemioloji qaydaları gözləməklə toyları təşkil etmək olar. Həmçinin, yas mərasimləri də toylarımızdan fərqlənmir. Orada da ifrata yol verilir. İstisna hal kimi Naxçıvanda keçirilən yas mərasimlərini qeyd etməliyəm”. 

Xalq artisti Faiq Ağayevin sözlərinə görə, müvafiq karantin tələbləri həyata keçirilərsə, insanlar özlərini və ətrafını yoluxmadan qoruyarsa, qaydalara riayət edilərsə, toyların təşkili çox gözəl addım olar: 

“Martdan bu yana çox sayda cütlük toy gözləyir. Onları da nəzərə almaq lazımdır. Ancaq hələ ki Məhərrəm ayı ilə əlaqədar bu mövzu aktual deyil. Ümid edirəm ki, oktyabr ayının sonundan etibarən yoluxma sayı azalacaq və bu mövzu aktuallaşacaq. Düşünürəm ki, mən və mənim kimi insanlar qoyulan tələblərə düzgün şəkildə riayət etsək, yoluxma sayı azalar. Biz də işlərimizə qaldığımız yerdən davam edərik”.

Son olaraq sorğumuzu cavablayan Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev istisnasız olaraq bütün kütləvi yığıncaqların keçirilməsinin Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qadağan olunduğunu qeyd edib.

Məhərrəm Əliyev