“Taksi qiymətlərinin qalxması YOLUXMALARI ARTIRACAQ” – Professor
    • 3-09-2020, 17:21
    • 912

“Taksi qiymətlərinin qalxması YOLUXMALARI ARTIRACAQ” – Professor

“Taksilərin qiymətlərində artım müşahidə olunacağı təqdirdə, insanlar ictimai nəqliyyata üz tutacaq. Beləliklə də ictimai nəqliyyatda olan sıxlıq daha da artacaq və bu hal yoluxmaların artım tempi ilə ekvivalent təşkil edəcək”.

Bunu News24.az-a açıqlamasında professor, həkim-cərrah Adil Qeybulla deyib.

Professorun fikrincə, taksi ilə bağlı rəqabət sistemi olmalıdır: “Hansısa bir sistem qurulmalıdır. Monopoliyalaşma bir çox sahədə mövcuddur. Artıq taksi sahəsində də bunu tətbiq etmək istəyirlər. Azad rəqabətin mövcud olması ona görə lazımdır ki, qiymətlər tənzimlənə bilsin. İctimai nəqliyyatda vəziyyət olduqca bərbatdır. İnanmıram ki, ictimai nəqliyyatdakı vəziyyəti hansısa addımla düzəldə bilsinlər. Çünki bu günə qədər buna heç bir əhəmiyyət verilməyib. 

Yoluxmaların davam etməsi birbaşa ictimai nəqliyyata bağlıdır. Avtobuslarda basabas və karantin davranışlarının pozulması hər gün müşahidə edilir. Bu isə təbii ki, koronavirusa yoluxma potensialı yaradır. Buna görə də biz birinci dalğanı yekunlaşdıra bilmirik. Bu baxımdan indiki vəziyyətdə belə bir konsepsiyanı irəli sürmək düzgün deyil". 

Məhərrəm Əliyev