10 yaşlı Nərminin ölüm səbəbi - Baş-beynin ocaqlı travması və kəllə tağı sümüklərinin sınığı
    • 4-09-2020, 17:36
    • 1 700

10 yaşlı Nərminin ölüm səbəbi - Baş-beynin ocaqlı travması və kəllə tağı sümüklərinin sınığı

Ötən ilin noyabrında Tovuzun Dondar Quşçu kəndində itkin düşən, 45 gün sonra meyiti yandırılan 10 yaşlı Nərmin Quliyevanın ölüm kağızı ailəsinə verilib. 

Bu barədə mərhum Nərmin Quliyevanın atası Şərif Quliyev News24.az-a məlumat verib. 

Ş.Quliyevin saytımıza göndərdiyi şəhadətnamənin surətindən görünür ki, mərhum 10 yaşlı Nərminin ölümünə Baş-beynin ocaqlı travması və kəllə tağı sümüklərinin sınığı səbəb olub. Göründüyü kimi qatil küt əşyayla azyaşlı qızcığazın başına öldürücü zərbələr vurmuşdur. 

Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.