Yol polisi Bakıda “taksi ovu”na başladı
    • 8-10-2018, 16:35
    • 1 045

Yol polisi Bakıda “taksi ovu”na başladı

Bakıda qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı reydlər başlayıb.

Bu barədə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən (DYPİ) məlumat verilib.

Bildirilib ki, son vaxtlar Bakıda nəqliyyatın hərəkətində yaranan sıxlığın əsas səbəblərindən biri də qanunsuz taksi fəaliyyəti ilə məşğul olanların qanunsuz hərəkətləridir: 
“Artıq iş o yerə çatıb ki, vətəndaşlar taksi sürücülərinin qanunsuz əməlləri barədə polisə şikayətlər edir. Taksi sürücüləri tərəfindən dayanma-durma qaydalarının pozulması, xüsusən avtobus dayanacaqlarının zəbt edilməsi adi hala çevrilib. Bütün bunlar vətəndaşların, sürücülərin, bütövlükdə hər bir hərəkət iştirakçısının haqlı narazılığına səbəb olur”, - deyə məlumatda qeyd olunur.

Reydlər çərçivəsində metronun “20 Yanvar”, “İnşaatçılar” stansiyalarının, 3-cü mikrorayon dairəsinin, iri ticarət və təhsil müəssisələrinin ətrafında qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olan, digər hərəkət iştirakçılarına maneə törədən, küçədən keçən insanlara qarşı qeyri-etik ifadələr işlədən, ictimai davranış qaydalarını pozan sürücülər barəsində ciddi tədbirlər görülür. 

Onların sənədləri yoxlanılarkən aylardır heç bir fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. Bəzilərinin idarə etdiyi avtomobilin texniki cəhətdən nasaz olduğu, təhlükə yaratdığı da məlum olub. Digər müvafiq sənədlər olmadan taksi fəaliyyəti göstərən şəxslərə rast gəlinib. Artıq son üç gün ərzində Bakı şəhər DYPİ-nin əməkdaşları 100-dən artıq taksi sürücüsü ilə bağlı inzibati qaydada tədbirlər görüb.

//Oxu.az