"Elnarə Şamaxinski, Pərviz Bülbülə, Üzeyir Mehdizadə..." - ÜZEYİR HACIBƏYLİNİ TANIMAYAN PAYTAXT ƏHLİ - SORĞU
    • 18-09-2020, 19:50
    • 1 639

"Elnarə Şamaxinski, Pərviz Bülbülə, Üzeyir Mehdizadə..." - ÜZEYİR HACIBƏYLİNİ TANIMAYAN PAYTAXT ƏHLİ - SORĞU

18 sentyabr - Azərbaycan klassik musiqisinin banisi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür. 1995-ci ildən etibarın hər il bu tarix ölkəmizdə xüsusi təntənəylə - Milli Musiqi Günü kimi qeyd olunur. Lakin bu il pandemiya səbəbindən təəssüf ki, bu gün xüsusi qeyd olunmadı. 

News24.az
Musiqi Günü ilə bağlı paytaxtda sorğu keçirib. Təəssüfləndirici məqam odur ki, paytaxt sakinlərinin əksəriyyəti bu günün özzəliyini bilmir, eyni zamanda Azərbaycan klassik musiqimizin banisi Üzeyir Hacıbəylini tanımırlar. 

Sorğuda iştirak edən paytaxt sakinlərinin cavablarını olduğu kimi sizə təqdim edirik. 

Qeyd edək ki, sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. Həmin gün, sadəcə, musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə ümumilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.

Ü. Hacıbəyov milli musiqi xəzinəsinə yeni janr və formatlarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasını bəstələyib. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət Himnlərinin musiqisinin müəllifidir.

Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırıblar. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub.

Daha ətraflı videodan biləcəksiniz:

Sevda Bayramova
VİDEO: Fərid Şabanov