Əsgərimiz yaralandı - RƏSMİ
    • 21-09-2020, 14:32
    • 742

Əsgərimiz yaralandı - RƏSMİ

Baş Prokurorluq Ermənistan təxribatı ilə bağlı məlumat yayıb.  News24.az xəbər verir ki, Ermənistan yeni təxribat planları hazırlayaraq əsl niyyətinin  münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının  qanunsuz işğalının  davam etdirilməsi  olduğunu nümayiş etdirməkdədir.

Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar və cinayətlər işğalçı ölkənin nəinki danışıqlar aparmağa, əksinə kəsin eskalasiya yaratmaq niyyətindən  xəbər verir.

İşğalçı ölkənin silahlı qüvvələrinin təxribat xarakterli hücumları, atəşkəs rejimini pozması və Azərbaycan Silahlı qüvvələrinin hərbi qulluqçularına qarşı törətdiyi cinayətlər sülh prosesinin üzərindən xətt çəkməklə beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına  qarşı açıq hörmətsizlik xarakteri daşıyır.

Təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılmış, nəticədə əsgər Qurbanov Qurban Azad oğlu “sağ çiyin nahiyəsinin kor qəlpə yarası” xəsarəti alıb.

Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd )  maddəsi ilə cinayət işi başlanıb.

Bundan başqa, öz təcavüzkar niyyətini nümayiş etdirməyə davam edərək, Ermənistan silahlı qüvvələrinin bölmələri 21 sentyabr 2020-ci il tarixdə saat 09 radələrində Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutmuş, düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub.

Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 120.2.12  (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcək.