Azərbaycanda qripə yoluxanların sayı NİYƏ ARTIB? - Koronavirusla digər infeksiyaların FƏRQİ
    • 22-09-2020, 12:53
    • 763

Azərbaycanda qripə yoluxanların sayı NİYƏ ARTIB? - Koronavirusla digər infeksiyaların FƏRQİ

Son zamanlar cəmiyyətdə qripə yoluxan, qızdırması olan və özündə halsızlıq müşahidə edən insanların sayı artıb. Payız mövsümünün gəlişi ilə əlaqədar bu hal özünü daha aktiv şəkildə biruzə verir. 

Bəs, koronavirusla digər infeksiyaları necə ayırmalı və özümüzü necə qorumalıyıq?


Professor, həkim-cərrah Adil Qeybulla News24.az-a açıqlamasında məlum vəziyyəti belə izah edib:

“Koronavirus və digər xəstəliklərin differensiyası çox böyük önəm kəsb edir. Bu cür hallarda mütləq şəkildə differensial diaqnoz üçün taktikalar hazırlanmalıdır. Yəni təlimatlar olmalıdır. Ambulator xidmət və sahə həkimlərinin fəaliyyəti aktiv vəziyyətə gətirilməlidir. Əhalini maarifləndirmək üçün müəyyən istiqamətələr təşkil olunmalıdır.

Kəskin respirator xəstəliklərdən özümüzü qorumaq üçün karantin qaydalarına riayət etməliyik. İnsanlar qapalı mühitdə maska taxmalı, məsafə gözləməli və əllərin dezinfeksiyasına ciddi fikir verməlidirlər. Ümumiyyətlə, sosial izolyasiya və məsafə qaydaları bir mədəniyyət nümunəsində çevrilməlidir”.

Professorun fikrincə, immuniteti artırmaq üçün meyvə istehlakı önəmlidir: “Düzgün qidalanma, fiziki aktivliyi artırmaq və təmiz havada gəzmək mütləqdir. Mövsümə uyğun tərəvəz, hər gün bir ovuc quru meyvə (badam, qoz, fındıq) yeyin. Hər gün bir stəkan kefir, yaxud bir kasa (150 ml) qatıq için, bir yumurta yeyin. Qırmızı ətdən az istifadə edin. İmmuniteti gücləndirən vitaminləri təbii qaynaqlardan almağa çalışın. Xüsusilə tərkibində A, B, C, E, D vitaminləri olan, çeşidli mineral tərkibli qidalar qəbul etməyə çalışın. Bundan əlavə, çoxlu su için. Yarısından çoxu su olan insan orqanizminin daha yaxşı fəaliyyət göstərməsi və immuniteti gücləndirməsi üçün gündə azı 1,5-2 litr su içməyiniz məsləhətdir".

İnfeksionist-hepatoloq Mərdan Əliyev insanların ajiotaja düşməməyinin və immunitetlərini artırmağın vacibliyini qeyd edib: 

“Payız mövsümünün gəlişi ilə əlaqədar insanlar evlərdə daha çox vaxt keçirir. Həmçinin, qapı və pəncərələr bağlı olur. Evlərdə isə havalanma minimuma enir. Günəşin azalması ilə əlaqədar kəskin respirator xəstəliklər artır. Bu il də kəskin respirator xəstəliklərin artacağını deməliyik. Cari il ərzində kəskin respirator xəstəliklərə koronavirus da əlavə edildi. Sadəcə olaraq diaqnozunun qoyulmasında çətinlik mövcuddur”. 

M.Əliyev digər infeksiyalarla koronavirusun əsas fərqini belə izah edib: “Koronavirusda adətən burun axması müşahidə edilmir. Əgər xəstəlik burun axıntısı ilə özünü büruzə verirsə, koronavirus yox, rinovirus ola bilər. Mövsümi qrip özü çox da yüngül keçməyən bir xəstəlikdir. Bu zaman qızdırma müşahidə edilir və insanlar yatağa düşür. Mövsümi qripin sezonu noyabr və dekabr aylarında başlayacaq. Bu qrip asta templə yayılır və daha sonra əhatə dairəsini genişləndirir”. 

İnfeksionistin fikrincə, immuniteti yaxşı saxlamaq üçün təbii qidalanma mütləqdir: "İmmunitet orqanizmin yad amillərə, infeksiya törədicilərinə qarşı dözümlülüyü, müdafiəsidir. Bu dözümlülük uşaq və yaşlılarda zəif olur. Bunu belə izah etmək olar: uşaqlarda immun sistemin formalaşmağa başlaması təxminən 2 ayda başlasa da 8-14 yaşlarda başa çatır. Yəni uşaqlarda immun sisteminin zəifliyi onun formalaşmaqda olması, tam yetkin olmaması ilə izah olunur. Yaşlı insanlarda isə digər toxumalar kimi immun sistemi də qocalır.

İmmuniteti artırmaq üçün yuxu rejiminə əməl etmək lazımdır. Səhər tez oyanıb, axşam tez yatmaq və 8 saatlıq yuxu rejimini təmin etmək faydalıdır. Normal istirahətə vaxt ayrılmalıdır. Qidanın normadan artıq qəbul olunması orqanizmin şlaklarla yüklənməsi ilə nəticələnir ki, bu da immunitetin zəifləməsinə səbəb olur. Aktiv həyat tərzi sağlamlığın əsasını təşkil edir. Qaçmaq, üzmək, səhər idmanı, aerobika immunitetə müsbət təsir göstərir.

Balanslaşdırılmış qidalanmaya vitamin və mineralların əlavə edilməsi effektlidir. Çünki indiki ekoloji durumla əlaqədar təbii ərzaqlarda orqanizmə lazım olan maddələrin hamısı mövcud deyil. Əksər hallarda zəif immunitet orqanizmdə vitamin və mineralların miqdarının az olması ilə əlaqədardır. Xalq təbabətində təklif olunan immunitetin artırılması üçün nəzərdə tutulan bitkilər, giləmeyvələr, çərəzlər əsasında olan reseptlərin istifadəsi də müsbət nəticələr verir".

Məhərrəm Əliyev