Azərbaycan şəhərləri YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçildi
    • 23-09-2020, 17:52
    • 533

Azərbaycan şəhərləri YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçildi

Azərbaycan Respublikasının 3 şəhəri – Bakı, Gəncə və Qəbələ YUNESKO-nun həyatboyu təhsil sahəsində aparıcı qurumu olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəyə üzv seçilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən News24.az-a verilən məlumata görə, bu ilin 23 sentyabr tarixində YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi tərəfindən adları açıqlanan üzvlər sırasında ilk dəfədir ki, Azərbaycan şəhərləri yer alır.   

"Bu il, ümumilikdə, 27 ölkədən 55 şəhər Qlobal Şəbəkəyə qoşulub. Bu münasibətlə, 23 sentyabr tarixində Şəbəkəyə seçilən yeni üzvlərin elan olunması ilə bağlı video-görüş formatında tədbirin keçirilməsi nəzərdə tutulur.

Şəhərlərimizin qeyd olunan şəbəkəyə üzv olmaq prosesi YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Daimi Katibliyinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi, YUNESKO yanında Daimi Nümayəndəliyimiz və aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi həyatboyu təhsil üzrə mühüm layihələrdən biri hesab olunur. YUNESKO-nun Həyatboyu Təhsil üzrə Qlobal Şəbəkəsinin məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, inklüzivlik, rifah və dayanıqlı inkişafı təbliğ etmək, təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Hal-hazırda dünya üzrə 64 ölkədən 230 şəhər bu Şəbəkənin üzvüdür. Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkənin fəaliyyəti Almaniyanın Hamburq şəhərində yerləşən YUNESKO-nun Həyatboyu Təhsil üzrə İnstitutu tərəfindən əlaqələndirilir", - deyə məlumatda qeyd olunub.