Qurban Qurbanov: "Hər şeyi bu dəqiqə başımızdan atmışıq"
    • 10-10-2018, 16:10
    • 1 109

Qurban Qurbanov: "Hər şeyi bu dəqiqə başımızdan atmışıq"

Millimizin baş məşqçisi Qurban Qurbanov sabah UEFA Millətlər Liqası çərçivəsində Farer adaları ilə keçirəcəyimiz oyun öncəsi mətbuat konfransına çıxıb.
Cinah müdafiəçimiz Pavel Paşayevlə birgə jurnalistlər önünə çıxan Qurban Qurbanov əvvəlcə oyun haqda qısa danışıb.
– Oyun haqda çox danışmaq istəmirəm. Sabah yaxşı oynamağa çalışacağıq. Rəqibi tanıyırıq. Bilirik ki, onlara qalib gəlmək şansımız var. Biz də sabah bu şansdan istifadə etməyə çalışacağıq.
– Stadionun hava şəraitinə görə pis olacağı deyilir. Üstəlik, meydança standartlardan kiçikdir. Bu, nə dərəcədə komandaya təsir edəcək?
– Meydançaya baxdım. Hiss olunur ki, standartlardan bir qədər fərqlidir. Amma bu barədə düşünməli deyilik. Bütün diqqətimizi oyuna kökləməliyik. Hər bir halda bu, oyuna təsir edəcək. Amma sabah şərtlər hər iki komanda üçün eyni olacaq.
– Bir az öncə rəqib baş məşqçisi Azərbaycan millisinin 14 saatlıq səfərdən gəldiyini və yorğun olacağını vurğuladı. Bu müddət kəsiyində həmin yorğunluğu atmaq mümkün olacaqmı?
– Nə mən, nə də futbolçularım 14 saat gəldiyimiz barədə düşünürük. Heç bir yorğunluq barədə düşünmürük. Hər şeyi bu dəqiqə başımızdan atmışıq. Bütün diqqətimizi oyuna yönəltmişik.
– Ramil Şeydayevin oyun praktikasından məhrum olduğu bəllidir. Onun əvəzinə sabah irəli xətdə Rüfət Dadaşovu görə bilərik?
– Şeydayev bizimlə cəmi iki məşq edib. Ümumiyyətlə, legionerlərimiz bizimlə az məşq keçiblər. Amma qeyd etdiyim kimi, hal-hazırda çatışmazlıqlar barədə düşünmürəm.
Qeyd edək ki, bu görüş sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.