YAP ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə videokonfransı keçirilib - FOTOLAR
    • 8-10-2020, 17:27
    • 580

YAP ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə videokonfransı keçirilib - FOTOLAR

Oktyabrın 8-də Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə videokonfransı keçirilib.

News24.az xəbər verir ki, videokonfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov iştirakçıları salamlayıb və bildirib ki, bu tədbir Azərbaycan-Türkiyə qardaşlığının bir ifadəsidir. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra iki ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf edib. Ulu Öndər Heydər Əliyevin dediyi “Bir millət-iki dövlət” kəlamı hər iki ölkədə dillər əzbəridir. Əli Əhmədov qeyd edib ki, hazırda Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda mübarizəyə başladıqdan sonra artıq bütün dünya Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığından və dostluğundan danışır. Eyni zamanda, bu dostluğun və qardaşlığın Azərbaycanın ədalətli savaşında nə qədər böyük dəstək verdiyini özündə ehtiva edir.

Əli Əhmədov problemin həlli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin prinsipal mövqeyini bir daha diqqətə çatdırıb və bu məsələdə birmənalı dəstəyinə görə Türkiyə dövlətinə və xalqına təşəkkürünü bildirib.

Ədalət və İnkişaf Partiyasının Genel Başkan vekili, İstanbul milletvekili Numan Kurtulmuş videokonfransda çıxış edərək Türkiyənin qardaş Azərbaycanın haqq mübarizəsində hər zaman yanında olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi uğrunda mübarizəsinə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə dövləti və xalqı birmənalı olaraq dəstək verir. Numan Kurtulmuş söyləyib ki, dünyada bəzi dairələr tərəfindən əngəl olmağa çalışılsa da, Azərbaycanın haqlı mübarizəsinin zəfər qazanacağı şübhə doğurmur. “Bu bölgədə sülhün və sabitliyin təmin olunması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməlidir”-deyə, o bildrib.

Videokonfransda həmçinin Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunu rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, TBMM-nin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ədalət və İnkişaf Partiyasının Genel sekreteri, Ankara milletvekili Fatih Şahin, AKP-nin Sivil toplum ve halkla ilişkiler başkani, Adana milletvekili Jülide Sarıeroğlu, AKP-nin Tanıtım və media başkanı, İstanbul  millət vəkili Mahir Ünal, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova və Milli Məclisin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxış ediblər.

Çıxışlarda Azərbaycanla Türkiyənin dostluq və qardaşlığının əhəmiyyətindən bəhs olunub, Azərbaycanın öz doğma torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizəsinə dəstək ifadə edilib və bu məsələdə Türkiyənin mövqeyi yüksək dəyərləndirilib. Eyni zamanda, YAP və AKP arasında əlaqələrin inkişaf prespektivlərinə dair fikir mübadiləsi aparılıb.