NRYTN: "Mail.ru" poçt xidmətinin azərbaycanlı istifadəçilərinə qarşı fişinq hücumlar olunur
    • 9-10-2020, 11:27
    • 609

NRYTN: "Mail.ru" poçt xidmətinin azərbaycanlı istifadəçilərinə qarşı fişinq hücumlar olunur

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən “Mail.ru” elektron poçt xidmətinin azərbaycanlı istifadəçilərinə qarşı kütləvi fişinq kampaniyalarının həyata keçirildiyini qeydə alıb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, Xidmət tərəfindən aparılan araşdırmalar göstərir ki, bu fişinq hücumlarının məqsədi həm dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaq, həm də istifadəçilərin cihazlarını zərərverici ilə yoluxdurmaqdır.

Saxta e-poçtlardan birində guya Azərbaycan Müdafiə Nazirliyi tərəfindən döyüşdə həlak olanların siyahısının açıqlandığı bildirilir və həmin faylı yükləmək üçün keçidə daxil olunması istənilir. Həmin faylın içərisində isə zərərverici proqramlar yerləşdirilir və keçidə daxil olub məlumatları yükləyən istifadəçinin cihazı yoluxur. Digər bir e-poçtda cəbhəyanı bölgələrlə bağlı mövcud vəziyyətə uyğun olmayan və reallığı əks etdirməyən saxta məlumatlar yer alır.

Həmçinin müxtəlif sosial şəbəkələrdə saxta hesablardan azərbaycanlı istifadəçilərə yazaraq Azərbaycandakı mövcud vəziyyətlə bağlı məlumat toplamağa çalışırlar.

Elektron Təhlükəsizlik Xidməti “Mail.ru” e-poçt xidmətinin istifadəçilərinə xüsusilə ayıq davranmağı, tanımadığı şəxslər tərəfindən göndərilən heç bir keçidə (linkə) daxil olmamağı və ya hər hansı faylı yükləməməyi tövsiyə edir.

İstifadəçilər hər hansı kiberinsidentlə üzləşdiyi və ya metodiki dəstəyə ehtiyacı olduğu halda www.cert.az  saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilər.