Şəhid Xüsusi Təyinatlı zabitin qardaşı:
    • 5-11-2020, 13:51
    • 2 759

Şəhid Xüsusi Təyinatlı zabitin qardaşı: "Yaralandığını belə bizə deməmişdi" - FOTOLAR

26 oktyabr 2020-ci ildə Şuşa uğrunda gedən gərgin döyüşlərdə şəhid olan igidlərimizdən biri Hüseynli Əmrahdır. 

O, Qubadlı, Zəngilan, Füzuli və Cəbrayıl rayonlarının çox sayda kəndlərinin azad edilməsində qəhrəmancasına yaxından iştirak edib. 

News24.az olaraq qəhrəman şəhidimizin qardaşı  Orxan Hüseyniylə əlaqə saxladıq. 

O, qardaşının öz işini sevərək icra etdiyini bildirib: 


“Əmrah Xüsusi Təyinatlı Qüvvələrin olduğu hərbi hissədə çalışırdı. Nə vaxt zəng etsəm, hər zaman müsbət əhval-ruhiyyədə cavab verirdi. Heç vaxt xidmətdən və ya yoldaşlarından gileylənməzdi. Öz işi ilə fəxr edir və zövq alırdı. 27 sentyabrda Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından sonra qardaşımla bir də 4 və 6 oktyabr tarixlərində əlaqə saxlaya bildim. Dedi salamatlıqdı, hər şey yaxşıdır, darıxma. İki gün əlaqə saxlaya bilmədim. 8 oktyabrda məni yığdı ki, Göyçaydayam, bizim bir köhnə yoldaş var, ona de yanıma gəlsin. Sən demə qəlpə yarası və kontuziya almışdı. Bunu bizdən gizlədirdi. Göyçayda tanışlarım olmadığından əmimlə getmək məcburiyyətində qaldım. Əmi uşaqları və bir dostumuz da bizimlə getdi. Amma yanına getdiyimizi özünə demədim. Xəstəxananın həyətində bizi görüb həm sevindi, həm də pis oldu ki, həmin vəziyyətdə onu gördük. Hər şeyin yaxşı olduğunu dedi, ağrısı olsa belə onu bizə hiss etdirmədi. 


12 oktyabrda ad günü ilə əlaqədar yanına getdik. Dedi bizi Tərtərə tibb məntəqəsinə aparırlar. Yoxlanışdan keçəcəm. Vəziyyət yaxşı olsa, döyüşlərə davam edəcəm. Özünü narahat hiss etmədiyi təqdirdə iştirakını normal qarşıladığımı özünə dedim. Əsas odur özünü gümrah hiss etsin. Dedi narahat olma, mən yaxşıyam. Tort kəsdik, doğum gününü qeyd etdik. Elə bir vəziyyət yarandı ki, Tərtərə gedəsi olmadı. Neçə illik dostunun şəhid olduğunu eşidəndən sonra Füzuliyə getdi. Onu xəstəxanada heç kim saxlaya bilməzdi”.  


H. Orxan qardaşının şəhid olma anını belə izah edib: “1 ay anamdan hər şeyi gizlətdik. Nə vaxt Əmrahı soruşsa ki, vəziyyəti necədir, zəng edirmi, cavab olaraq hər şeyin yolunda olduğunu deyirdim. Əmrah 24 oktyabrda mənə zəng etdi. Anamla danışdı. Şifrəli formada bizə Şuşada olduğunu dedi. Dedi biz çox qabaqdayık və irəliləyirik. 26 oktyabra qədər hər gün yığırdım, zəng çatmırdı. 27 oktyabrda Cəlilabad rayon Hərbi Komissarlığından mənə zəng etdilər ki, qardaşınız ayağından yaralanıb. Əmimlə yola düşməzdən qabaq bir heyət yoldaşı mənə dedi ki, Əmrah artıq zirvədədir. Başımız sağ olsun. Vəziyyəti artıq anlamışdım. Yenə də bu xəbəri anamdan gizlətdik ki, narahat olmasın. Onu  Füzuli rayonundan gətirdik. Bədəninin hər yeri normal vəziyyətdə idi. Ancaq başının sağ gicgahına toxunanda, əlim qan oldu. Soruşduqdan sonra anladım ki, başından güllə zərbəsi alıb. Yanında döyüşən yoldaşlarından biri ilə ətraflı danışdım. O, 26 oktyabrda Şuşada basqına və təzyiqə məruz qaldıqlarını dedi. Həmin yoldaşı 2 metr yaxınlıqda Əmrahın başından yaralandığını görüb, təhlükəsiz yerə apardıqdan sonra döyüşlərə davam etdiyini dilə gətirdi. Daha sonra ermənilər geri çəkildilər. Əmrahı maşınla Füzuli rayonunun Əhmədbəyli kəndinin xəstəxanasına gətirdilər”. 


O vurğulayıb ki, H.Əmrah Qubadlı, Zəngilan, Füzuli və Cəbrayıl rayonlarının bir çox kəndlərinin azad edilməsində yaxından iştirak edib: “Ailəli deyildi, ancaq istədiyi qız var idi. Əmrah bir çox idmanla məşğul olub. 2017-ci ilin fevral ayında atam dünyasını dəyişdi. O, akademiyada oxuya-oxuya aldığı təqaüdlə belə evə evə əl tutar, yardım edirdi. Həmin ərəfələr mən də tələbə idim. İşlədiyi ərəfələr aldığı maaşın 1 manatını belə tək xərcləməzdi. Özü pulsuz qalsa belə evin bütün təminatını həll edirdi. Əmrah qohum-əqrəbanı düşünən, heç kimlə işi olmayan, başqalarını incitməyən biri idi. O, döyüş bölgəsində belə ibadət edirdi. Atışma altında belə ibadət etdiyini bilirəm”. 

Əmrah Hüseynlinin anası ilə əlaqə saxlamağa çalışsaq da göz yaşlarına hakim ola bilmədi. O, Hüseynli Əmrahın gözəl övlad olduğunu və onunla fəxr etdiyini qeyd etdi.

Məhərrəm Əliyev