Dəmir yolu işçilərinin peşə bayramı ilə əlaqədar videokonfrans keçirilib
    • 13-10-2020, 18:43
    • 365

Dəmir yolu işçilərinin peşə bayramı ilə əlaqədar videokonfrans keçirilib

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı ilə əlaqədar videokonfrans təşkil olunub.

News24.az xəbə verir ki, cəmiyyətin sədri Cavid Qurbanov bildirib ki, bu il Azərbaycanda dəmir yollarının yaranmasının 140 ili tamam olur. Sədr ötən dövrə qısa nəzər yetirərək qeyd edib ki, ilk dəmir yolu xəttinin çəkilməsi XIX əsrin 70-ci illərində neftin daşınması və neft sənayesinin sürətli inkişafı ilə əlaqədar meydana gəlmişdi. Bu da onu göstərir ki, dəmir yolu yarandığı gündən iqtisadiyyatın vacib sahələrindən biri kimi onun inkişafına təkan verib. Azərbaycanda dəmir yolu təsərrüfatının ən sürətli inkişafı ötən əsrin 60-cı illərinin sonunda müşahidə olunub. Həmin dövrdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin dəmir yolu qovşağının genişləndirilməsi və dəyişməsi istiqamətində əsaslı layihələr icra olunub.

Dəmir yolu nəqliyyatının beynəlxalq standartlara uyğun inkişafı, bu sahədə islahatlar və yenidənqurma işlərinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir. Ölkəmizdə və beynəlxalq məkanda dəmiryolu nəqliyyatı sahəsində xidmətlərə tələbatın yüksək səviyyədə təmin olunması, Respublikamızın Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevrilməsi, regionda əməkdaşlığın, ticarət dövriyyəsinin və rəqabət qabiliyyətliliyinin artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti kimi irimiqyaslı və strateji əhəmiyyətli layihələrin yüksək səviyyədə həyata keçirilməsi qarşıya qoyulan mühüm hədəflərdəndir. Bu gün ölkə başçısının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycan dəmiryolçuları qarşıya qoyulan vəzifələrin icrasına yorulmaz əmək sərf edirlər. Son illər bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastrukturu qabaqcıl informasiya-kommunikasiya texnologiyaları əsasında müasirləşdirilib, maddi-texniki bazası daha da möhkəmləndirilib, Cəmiyyətin işçilərinin sosial rifahı xeyli yaxşılaşdırılıb.

Cavid Qurbanov onu da diqqətə çatdırıb ki, 2005-ci ildən dövlət başçısının sərəncamı ilə hər il oktyabrın 13-ü tarixinin ölkəmizdə dəmiryolçuların peşə bayramı kimi qeyd edilməsi onların zəhmətinə verilən yüksək dəyərin ifadəsidir. Çoxminlik dəmiryolçu kollektivi ölkəmizin rifahı naminə yorulmadan çalışaraq, bu etimadı doğrultmağa və iqtisadiyyatımıza töhfə verməyə səy göstərirlər. Pandemiya şəraitində də fəaliyyətini dayandırmayan dəmiryolçular karantin tələblərinə əməl etməklə, üzərlərinə düşən öhdəlikləri yerinə yetirirlər. 

Qələbə əzmli Ordumuzun ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi naminə haqq işində qazandığı ardıcıl nailiyyətlər, düşmən üzərində əldə etdiyi möhtəşəm zəfərlər xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla, Azərbaycan dəmiryolçularını da ruhlandırır. “Azərbaycan Dəmir Yolları” QSC-nin bütün heyəti  Ali Baş Komandanın ətrafında sıx birləşərək vətənin müdafiəsi naminə hər bir strateji tapşırıqların icrasına hər an hazırdır.

Videokonfransın sonunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri kollektivi 140 illik yubiley münasibəti ilə təbrik edərək, işlərində müvəffəqiyyətlər arzulayıb.