"Başını dik tut oğul" - ŞƏHİDİN ÖVLADINA DEDİYİ SON SÖZ...  -  VİDEOREPORTAJ
    • 13-11-2020, 19:24
    • 1 380

"Başını dik tut oğul" - ŞƏHİDİN ÖVLADINA DEDİYİ SON SÖZ... - VİDEOREPORTAJ

O, düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid oğullarımızdan biridir. Xalq artisti Əli Nurun oğlu, Baş leytenant Rövşən Nurzadə. Şəhidimiz hələ uşaq yaşlarından Vətənə, millətə, Qarabağa bağlı olub. Hətta doqquzuncu sinifdə oxuyarkən valideynlərindən xəbərsiz Ağdama qaçıb. Onun qorxmazlığı, igidliyi hələ erkən yaşlarından bəlli idi. Elə o qorxmazlığı onu şəhidlik zirvəsinə ucaltdı. Baş leytenantımız Şuşa uğrunda gedən gərgin döyüşlər zamanı şəhid olub.

News24.az olaraq şəhidimiz haqda videoreportaj hazırladıq. 

Bir ata cənazənin yanında donub qalıb, axı övladını öz əlləri ilə torpağa tapşıracaq. Adi ölüm olsaydı, bu bir ata üçün çox çətin və əzablı olardı. Minbir əziyyətlə böyütdüyü oğluna necə böyük arzular bəsləmişdi. Lakin şəhid atası olduğu üçün mətnliyi, vətənpərvərliyi bu hisslərin hər birinə qalib gəlir. Başını dik tutub, göz yaşlarını ovundurmağa çalışır: "Oğlum Ağdamda hərbi hissədə roto komandiri olub. Daha sonra isə ehtiyatda Baş leytenant olub. Vətən müharibəsi başlayan ilk gündən ora getməyi özünə borc bilirdi, çünki başqa cür mümkün olmazdı. Ona görə də könüllü şəkildə ərizəni yazıb getdi. İki oğluyla onu yola saldıq, amma sən demə bu bizim onu gördüyümüz sonuncu gün imiş. (ağlayır) İlk dəfə zəng edəndə dedi ki, Zəngilandayam, daha sonra Cəbrayıl və Qubadlıda olub. Orda bölgə komandiri idi. Axrıncı dəfə ayın ikisi zəng elədi, ondan sonra da xəbər ala bilmədik. Ayın noyabrın 6-sı isə Şuşada həlak oldu. Bizə dünən bu xəbəri verdilər".

Şəhid atası Vətən sevdalısı olan oğlundan gözü yaşlı, amma qürurla bəhs edərək "Vətən sağ olsun" deyir: "Oğlum Vətən, torpaq uğrunda vuruşub. Başımız sağ olsun. Oğlum və onun timsalında minlərlə oğullarımız tarix yazdılar, Şuşamızı geri qaytardılar. Onlar dünyanın heç bir yerində olmayan şücaəti göstərdilər. Oğullarımızın hər biri igid cəngavərdilər. Dünya tarixində hələ belə bir döyüş olmayıb. Bizim Ordumuz çox qısa bir müddətdə dünyaya öz gücünü bir daha göstərdi. Onlar Şuşaya bir hörümçək kimi dırnaqları ilə gedib çıxıblar. Vətən həsrəti ilə alışıb yanan oğullarımız erməninin cavabını verdi. Mənə dediyi sonuncu sözü "Ata, mənə görə narahat olma, hər şey yaxşı olacaq. Biz çox qısa bir zamanda erməniləri öz torpaqlarımızdan qovacağıq". Və elə də oldu. Oğullarımızın sayəsində biz qələbə çaldıq". 

Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq var. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Şəhidimizin anası igid qardaşımızın qəhrəmanlığından danışdı: "İnanın ki, Rövşənin getməsini mən heç bilmirdim. O, öz razılığı ilə vətənimizin müdafiəsi uğrunda şəhid oldu. Oğlum çox vətənpərvər, mərd, qeyrətli oğul idi. Ruhu şad olsun balamın. Çox ağırdır mənə. Çünki, onun yeri mənim ürəyimdə tam fərqli idi. Qarabağ mənim vətənim, döyünən ürəyimdir deyərdi. Onun uğrunda da getdi. (ağlayır)

Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Hər birimizin də vətəndaşlıq borcumuzdur ki, bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov