Asılılıq yaradan preparatlar – Psixi və fiziki pozuntuların səbəbidir
    • 15-10-2018, 21:00
    • 2 672

Asılılıq yaradan preparatlar – Psixi və fiziki pozuntuların səbəbidir

Bir sıra dərman preparatları var ki, onları müəyyən müddət qəbul etdikdən sonra asılılıq yaradır. Xüsusən belə dərmanları xəstələr özbaşına reseptsiz aptekdən aldığı üçün səhhətlərinə zərər verirlər. Çünki asılılıq yaradan dərmanları uzun müddət, düzgün olmayan dozada qəbul etdikdə o dərman heç bir təsir göstərmir, əksinə orqanizmdə geridönməz dəyişikliklər yaradır. 

Asılılıq yaradan preparatları təqdim edirik:

1.Geniş spektrli dərmanlar
Qəbizlik əleyhinə şamlar, yuxu gətiricilər, antidepressant, trankvilizator, ağrkəsicilər, sakitləşdiricilər formasından asılı olmayaraq, istər maz, istər damcı, istər inyeksiya asılılıq yaradır. Orqanizm onsuz demək olar ki, işləməyəcək. Üstəlik bu dərmanların digər sistemlərə mənfi təsiri var, xüsusən ağrıkəsicilər ürəyə zərər verir.

2.Damardaraldıcı damcılar
Payız-qış aylarında burun axmasına qarşı çox istifadə olunur. Bu damcılar simptomları yüngülləşdirsə də, müalicə etmir. İnsanlar damcılarla rahat olduğu üçün həkimsiz də alır. Hətta uşaqlara da damcıladırlar. Burda asılılıq mexanizmi çox sadədir. Damcını buruna püskürdəndə selikli qişaya adrenalin atılır. Bu adrenalin orqanizm tərəfindən onsuz da burunu açmaq üçün təbii olaraq sintez olunur. Amma damcı ilə adrenalin gəldiyinə görə orqanizm bu vəziyyətə alışır və özü adrenalini dayandırır.
 
Burda nəzərə almaq lazımdır ki, damcıların verdiyi yüksək adrenalin təkcə arterial təzyiqi yox, kəllə daxili təzyiqi də artırır. Burun damcılarına alışmaqla adrenalinin qana fizioloji sıçrayışını pozuruq və insan damcıdan imtina edən kimi daxili balans pozulur, adrenalin çatışmır, dərmandan sonrakı müddət ağır keçir. Orqanizm daha damcı ilə adrenalin yaranmadığını anlayana kimi vaxt lazımdır. Həmçinin damcılar burun qişasını qurudur, epiteli zədələyir. Burunun təbii özünütəmizləmə funksiyası pozulur. 
 
Burunun yuxarı hissəsində qoxubilmə zonası var, damcılar bu hissəyə düşərək insanın iybilmə hissiyatını azaldır. Çox damcı istifadə edənlər etiraf edir ki, qoxuları ayırd edə bilmirlər. Pozulmuş qoxubilmə funksiyasını sonradan bərpa etmək çox çətindir.
3.Qarın işlədici dərmanlar
Bu preparatların ən sadəsi belə tənbəl bağırsaq sindromu yaradır. Orqan özü müstəqil işləməkdən imtina edir, kənardan təsir gözləyir. Belə dərnanlara alışmaq çox sürətlə baş verir. Xüsusən 6 aylıqdan yuxarı uşaqlara şamlar, dərmanlar vermək olmaz. Bu ərəfədə onların bağırsağı təzə-təzə hərəkətə gəlir, işə düşür, bu dərmanlar isə onun işini pozur.
 
Qəbizlik əleyhinə istənilən vasitələr bağırsağın aktivliyini, peristaltikasını azaldır. Bu preparatlardan imtina etdikdə insan özünü pis hiss edir, tualetdən çəkinir, defakasiya aktı onda psixoloji narahatlıq yaradır,beləcə qəbizliyi daha da artırır. Əgər xəstədə qusma, ürəkbulanma, qarında ağrı, qızdırma varsa, qarın işlədici şam, dərman vermək qəti olmaz.

4.Yuxu tabletləri
Hazırda cavandan yaşlıya hər kəsin belə dərman axtardığını demək olar. Təəssüf ki, bu preparatlar apteklərdə sərbəst satılır. Əslində yuxu dərmanını nevroloq, psixiatr təyin etməlidir. Hər yuxu dərmanı rahat, dərin yuxu gətirmir. 

Yuxu dərmanından asılılıq 6 aydan sonra başlayır. Əvvəlki dozalar təsir etmir, xəstə dərmanı dəyişir, amma unudur ki,  çox zaman tərkib, təsir mexanizmi eynidir. Yuxu dərmanını 2-3 tabletə qaldırmaq isə letal sonluğa-ölümə, komaya səbəb ola bilər. Xüsusən ürək-damar sistemi zəif olanlar yuxudaca ölə bilər.  Ola bilər, yuxu dərmanı təsir etsin, amma gündüz də yuxululuq davam edə bilər. Bu da insanın normal gündüz həyatının keyfiyyətini aşağı salır.
 
 5.Hormonal preparatlarİstənilən hormonal tərkibli dərmanlar – maz, damcı, sprey, inyeksiya, tablet ciddi həkim nəzarəti ilə təyin olunmalıdır, onlardan istifadəni kəsmək vaxtı ötməməlidir. Bu dərmanların dünya protokollarına uyğun  sxemləri var. Əgər kurs özbaşına artırılsa, o zaman ciddi problemlər baş qaldıracaq. Çox qadınların orqanizmində baş verən ciddi xəstəliklər məhz zamanında çox hormonal dərmanlar qəbul etdiyindən qaynaqlanır.
 
Hormonal dərmanlar təkcə sonsuzluqda, endokrinoloji problemlərdə təyin olunmur, allergiya, bronxial astma, tənəffüs problemləri, müxtəlif yaralarda, infeksiyalarda da təyin edilir. Hormonal dərmanlar o qədər tez və yaxşı effekt verir ki, pasiyentin gözləri qamaşır və ondan imtina etmək istəmir. Qızların ağrılı və şətin menstrusiya zamanı hormonal tabletlərə üz tutması arzuolunmazdır. Uzun müddət qəbul etdikdə və birdən kəsdikdə yan təsirlər başlayır. Hətta elə mərhələ yarana bilər ki, digər hormonal dərmanlar artıq təsir göstərməyəcək. 

//Medicina.az