Deputat müharibə əlillərinin övladlarına ödənişsiz təhsil hüququnun verilməsini TƏKLİF VERDİ
    • 7-12-2020, 17:38
    • 547

Deputat müharibə əlillərinin övladlarına ödənişsiz təhsil hüququnun verilməsini TƏKLİF VERDİ

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən onlayn iclasında “Müharibə veteranlarının, qazilərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial psixoloji adaptasiyasına dair” komitədaxili dinləmə keçirilib. 

News24.az xəbər verir ki, məsələ ilə bağlı məlumat verən komitə  üzvü Vüqar  Bayramov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib: “Onlara  dövlət qayğısının artırılması daim diqqət mərkəzindədir. Hazırda Azərbaycanda şəhid ailələrinin üzvləri üçün 20 birbaşa və təşviqedici dəstək mexanizmi icra olunur. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna uyğun olaraq, hər şəhid ailəsinə 11000 manat məbləğində sığorta ödənişi həyata keçirilir. Hər şəhid ailəsinə 300 manat Prezident təqaüdü verilir. Şəhidlərin ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə 93,5 manat məbləğində əlavə hesablanır”.

Deputat bildirib ki, mənzil təminatı da daxil olmaqla belə ailələr üçün fərqli dəstək mexanizmləri icra olunmaqdadır: 

“Müharibə  əlilləri üçün 12 birbaşa və təşviqedici güzəşt icra edilir. Birinci, ikinci  və üçüncü  qrup müharibə əlillərinə müvafiq  olaraq 8800 manat, 6600 manat, 4400 manat, ağır xəsarət (yaralanma, travma, kontuziya) alan müharibə iştirakçılarına 2750 manat və yüngül xəsarət (yaralanma, travma, kontuziya) alanlara isə 550 manat sığorta ödənişi həyata keçirilir.  

Əmək pensiyası almaq hüququ olmayan əlillərə (hərbi xidmət dövründə xəstələnmə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar,  hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar)  - I dərəcə əlilliyi olan şəxslərə 150 manat,  II dərəcə əlilliyi olan şəxslərə 130 manat,  III dərəcə əlilliyi olan şəxslərə 110 manat məbləğində sosial müavinət verilməsi müəyyən olunub. Belə şəxslərə  müvafiq  qaydada 250 manat,  230 manat və 210 manat məbləğində Prezident təqaüdü ödənilir. Əlilliyə görə mülki vətəndaşlara ödənilən əmək pensiyasının orta aylıq məbləği  261 manat, hərbi qulluqçulara ödənilən əmək pensiyasının orta aylıq məbləği isə 515 manat təşkil edir. Onlar  üçün pulsuz tibbi müalicə kursları tətbiq  edilir. Həmçinin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə-kəndli təsərrüfatının üzvləri məşğul hesab olunurlar.

Xeyli sayda şəhid ailələri və müharibə əlillərinin pay torpaqları var və onlar məhz bu səbəbdən məşğul hesab olunurlar. Bu da bir sıra hallarda belə ailələrin sosial proqramlara çıxış imkanlarını məhdudlaşdırır”.

Deputat bu məhdudiyyətin aradan qaldırılması ilə bağlı qanunvericiliyə  yeni  maddənin əlavə  edilməsini  təklif  edib. Bundan əlavə, V. Bayramov müharibə əlillərinə güzəştli ipoteka krediti almaq hüququnun verilməsi, müharibə əlillərinin övladlarına  da şəhid ailələrində olduğu kimi dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişsiz  formada təhsil almaq  hüququnun verilməsi ilə bağlı təkliflərini səsləndirib.