BNA: Gələn il Türkiyədən 355 ədəd avtobus alınacaq
    • 21-12-2020, 13:04
    • 509

BNA: Gələn il Türkiyədən 355 ədəd avtobus alınacaq

Dövlət başçısının tapşırığına əsasən Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaları əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq.

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, paytaxtın marşrut şəbəkəsi üçün yenilik hesab olunan BMC markalı Neocity 9 metrlik sərnişin avtobuslarının alınması sayəsində mümkün olacaq. Avtobusların paytaxta çatdırılmasına növbəti aylardan başlanılacaq. Bakı Nəqliyyat Agentliyi ilə qardaş Türkiyə Respublikasının “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında imzalanan müqaviləyə əsasən 2021-ci ildə Bakıya ümumilikdə 205 ədədi 9, 150 ədəd isə 12 metr olan sərnişin avtobusları alınacaq.

Müqavilə dekabrın 10-da Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə imzalanıb. Bundan dərhal sonra isə BMC markalı Neocity 9 metrlik avtobusa sınaq baxışı keçirilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti qardaş ölkənin İzmir şəhərinə səfər edib.
Neocity 9 metrlik avtobuslar geniş manevr imkanlarına malikdir və nisbətən ensiz dar yollarda rahat hərəkət edir. Avtobusun ümumi sərnişin tutumu 72 nəfərdir və fiziki imkanları məhdud şəxslər üçün də əlçatandır. Bu avtobuslar da Avro 6 standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir. Bu da öz növbəsində dövlət başçısının ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması ilə bağlı həyata keçirdiyi siyasətə uyğundur.

Ümumilikdə son 5 ildə şəhər nəqliyyat sistemi, o cümlədən avtobus parkının yenilənməsi zamanı ətraf mühitin mühafizəsi və sağlam ekoloji mühitin yaradılması əsas faktorlardan biri kimi müəyyən edilib. Ətraf mühitin qorunmasının əhəmiyyətini nərəzə alaraq və bu işə töhvə vermək məqsədi ilə İzmir şəhərində, “BMC Otomativ Sənaye və Ticarət” şirkətinin istehsal müəssisəsində “Təmiz Bakı, sağlam gələcək və əbədi qardaşlıq naminə” devizi altında ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Azərbaycan-Türkiyə qardaşlığı, eləcə də müzəffər ordumuzun şanlı qələbəsi naminə sülh və zəfər rəmzi olan zeytun ağacları əkilib.

Məlumat üçün qeyd edək ki, vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi daim dövlətin diqqətindədir. Dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahatlığının təmin olunması məqsədilə son 2015-2019-cu illərdə 603, 2020-ci ildə 115 müasir tipli orta və iri tutumlu sərnişin avtobusu alınaraq istismara verilib.