Kişilər qadın müdir barədə nə düşünür? - ARAŞDIRMA
    • 17-10-2018, 17:00
    • 1 252

Kişilər qadın müdir barədə nə düşünür? - ARAŞDIRMA

Araşdırmalara görə, əksər kişilər qadını müdir vəzifəsində görəndə qıcıqlanırlar. 
Bəzi kişilər üçün qadın məsləhətini və ya təklifini qəbul etmək asan deyil. Kişilər bəlkə də qadınların onları ram edəcəyindən qorxurlar. Amma bəs işdə sizin müdiriniz qadındırsa, onda necə? Qadın müdirin hörmətini qazanmaq və karyerasına ziyan vurmamaq istəyənlər üçün bu material faydalı mənbə olacaq. 
  • "Onların şüuraltında qadının itaət edən varlıq olması düşüncəsi formalaşıb"
Psixoloq Aygün Ağabalayeva Bakucity.az-ın müxbiriylə söhbəti zamanı bildirir ki, daha əvvəlki əyyamlar deyil, bu gün qadınların işləməsinə münasibət dəyişib. “Rəhbər vəzifələr tutan uğurlu qadınların sayı ildən-ilə artır. Amma qadınların rəhbərlik etmək tərzi də kişilərinkindən xeyli fərqlənir. Kişilər qadınlarda peşəkarlığı qiymətləndirirlər. Deməli, kişi əməkdaşlar vəzifə sahibinin qadın deyil, təcrübəli və güclü rəhbər olduğunu görməlidirlər. Münasibətləri bu tərzdə qura bilən istənilən qadın rəhbər hörmət qazanmış olacaq”, - Aygün xanım deyir və davam edir: 
"Bəzi kişilər müdir vəzifəsində əks cinsin nümayəndəsini görəndə, qıcıqlanırlar. Çünki onların şüuraltında qadının itaət edən varlıq olması düşüncəsi formaşıb.  Ona görə də bir çox kişilər ağıllı və uğurlu qadın görəndə narazı qalırlar.
Bəzən kişi əməkdaş əvvəlcə qadına tabe olmağa müqavimət göstərir, lakin onun işini görəndən sonra münasibəti  dəyişir. İstənilən halda insani münasibətlər, peşəkarlıq gender fərqlərindən daha çox insanların xarakterindən asılıdır.
Əsas məsələ öz vəzifəni vicdanla yerinə yetirmək və qadına baxarkən ilk növbədə həmkarını görə bilməkdir", - psixoloq fikrini belə yekunlaşdırır.
  • Respondentlərin əksəriyyəti qadınları qədərindən artıq emosional hesab edirlər
Rusiya, Belarus, Qazaxıstan və Ukraynada biznesin inkişafı üzrə tədqiqatlar aparan beynəlxalq “Hedhunter” şirkətinin bu yaxınlarda keçirdiyi sorğu zamanı məlum olub ki, kişilərin yalnız 57%-i qadın rəhbərin öz işinin öhdəsindən gəldiyini düşünür. Kişi respondentlərin əksəriyyəti qadınların daha çox mühasibat və maliyyə sahəsində səmərəli fəaliyyət göstərdiklərini hesab edirlər. Araşdırma zamanı bu da məlum olub ki, qadınlar top-menecment  istisna olmaqla, bütün sahələrdə rəhbərlikdə təmsil olunurlar.
Respondentlərin  əksəriyyəti (41%) qadın müdirin lazım olandan daha emosional, 39%-i isə proqnozlaşdırılması mümkünsüz kimi xarakterizə ediblər.
Sorğuda kişilərin qadın müdirdə görmək istədikləri keyfiyyətlər arasında birinci yerdə liderlik bacarığı (75%), ikinci yerdə inandırmaq bacarığı (64%),  üçüncü yerdə isə risk etmək bacarığı (34%) yer alıb. 
Respondentlərin 13%-nin fikrincə, bir qadın məsul vəzifənin öhdəsindən gəlmək üçün “şeytan” olmalıdır.  Kişilərin 7%-ə qədəri isə qadınların ümumiyyətlə yaxşı rəhbər olacağına inanmadıqlarını deyiblər.
  • Bəs ölkəmizdə necə düşünürlər?
"Müdirə sadəcə əks cinsin nümayəndəsidir deyə xüsusi münasibət göstərmək düzgün deyil"
Repondentimiz Cəmil Həsənov idman geyimləri mağazasında işləyərkən rəhbərinin  "direktor köməkçisi" vəzifəsində çalışan bir qadın olduğunu deyir. Cəmil qəti əmindir ki, "hansı cinsdən olmasının fərqi yoxdur, rəis sadəcə olaraq örnək olmalı, əlinə səlahiyyət keçəndə bundan sui-istifadə etməməlidir.  Cəmilin dediyinə görə, onun müdirəsi hər imkanda onlardan daha yüksəkdə durduğunu nümayiş etdirməyə çalışırmış. “Bu düzgün deyil, qeyri-peşəkarlıqdır”, - o deyir və əlavə edir ki, yaşamaq üçün pul lazım olduğuna görə, bəzən müəyyən şeylərə göz yummalı olursan.  
"Amma kişilər tabeliyində olanlara tamam başqa cür davranırlar", -  sonda həmsöhbətimiz əminliklə bildirir.
Adil Quliyevin hər iki cinsdən olan rəhbərlərlə iş təcrübəsi olub. O, etiraf edir ki, kişi rəislə işgüzar münasibətlər qurmaq onun üçün daha asandır. Bundan başqa, kişiylə nəinki iş barədə danışmaq, hətta dostluq münasibətləri də qurmaq olur. "Biz işdən sonra tez-tez birlikdə vaxt keçirirdik", - Adil deyir.  
Onun qadın müdirəsi paytaxt otellərinin birində baş direktor vəzifəsində çalışırmış. Bəzən onların arasında anlaşılmazlıqlar yaşanıb. Adil  bunu qadının məsul qərarlar qəbul edərkən, yaşadığı əsəb gərginliyi ilə  izah edir. Buna görə də o, problemin müdirin cinsi ilə deyil, böyük ehtimalla xarakteriylə bağlı olduğunu düşünür. Üstəlik, Adil  bildirir ki, əgər müdiri bu deyil, başqa  bir qadın olsaydı, işindən imtina eləməzdi. 
Qadın-redaktorla işləyən jurnalist Orxan Sultanov vəziyyətindən razı olduğunu deyir. "Hətta, biz əvvəlcədən tanış olmasaydıq belə, mən onun rəhbərliyi altında işləyərdim. Mənim ondan əvvəlki müdirim kişi olub, amma münasibətlərimiz ürəkaçan olmayıb", - deyə Sultanov vurğulayır.
Bundan əlavə, Orxan hesab edir ki, müdirə sadəcə əks cinsin nümayəndəsidir deyə xüsusi münasibət göstərmək düzgün deyil.  "Belə davranış qadını təhqir edə bilər, çünki hamı adekvat davranış gözləyir, xüsusilə əgər işdən söhbət gedirsə", - Orxan sonda bildirir.
Əlbəttə, qadın-rəisin kişi həmkarından üstün olduğunu və ya geri qaldığını müəyyənləşdirmək mümkün deyil. Amma bununla belə, sağlam məntiq bizə deyir ki, rəhbərlikdə olan şəxsin hansı cinsə mənsub olmasının fərqi yoxdur. Əsas məsələ insanın şəxsiyyəti və peşəkarlıq keyfiyyətləridir.

//Bakucity.az