Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi yaradılıb
    • 6-01-2021, 14:42
    • 501

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi yaradılıb

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin yaradılması haqqında fərman imzalayıb.

News24.az xəbər verir ki, fərmanda deyilir ki, ölkə konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında ölkənin mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədilə

1. “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirən publik hüquqi şəxsdir;

2.2. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək məqsədilə 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

2.3. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir.

3. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. ölkə prezidentinə:

3.1.1. Mərkəzin yenidən təşkili və ləğvi;

3.1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;

3.2. İqtisadiyyat Nazirliyinə:

3.2.1. Müşahidə Şurasının sədrinin və digər üzvlərinin, İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2.2. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi, o cümlədən müvafiq beynəlxalq öhdəliklərdən irəli gələn xərclərinin ödənilməsi dövlət büdcəsinin vəsaiti, habelə fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

5. Nazirlər Kabineti:

5.1. Mərkəzin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini iki ay müddətində həll etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. İqtisadiyyat Nazirliyi:

6.1. Mərkəzin nizamnaməsini, strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;

6.2. Mərkəzin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada tədbirlər görsün.