"İntihar xəbərlərini yaydıqca, öldürürük" - Çəkməyək, ƏL UZADAQ... - PSİXOLOQ YANAŞMASI
    • 28-01-2021, 14:08
    • 649

"İntihar xəbərlərini yaydıqca, öldürürük" - Çəkməyək, ƏL UZADAQ... - PSİXOLOQ YANAŞMASI

Son zamanlar ölkəmizdə intiharlar yenidən aktuallaşıb. İntiharların səbəblərinə və hadisələrin baş verdiyi məkanlara baxdıqda, oxşar ssenarilərə rast gəlirik. Vətəndaşlarımızın bir qismi düşünür ki, bu, sırf sosial məsələlərlə bağlıdır. Digər qismi isə əksinə, hadisənin işıqlandırılmasının insanların altşüurunda neqativ və təhrikedici izlər buraxdığını deyir. 

News24.az bu məsələ ilə bağlı psixoloqların fikirlərini öyrənib.

Vüsalə Salamova ilk olaraq intiharın səbəblərindən söz açıb:


“Son günlər ölkəmizdə yaşanan intihar hadisələrini müəyyən səbəblərlə əlaqələndirmək olar. Buna misal olaraq insanlarda yaranan psixoloji gərginlik, sosial həyatdan təcrid olunma, maddi və mənəvi olaraq yaşanan sıxıntılar, cəmiyyət tərəfindən bir şəxsiyyət kimi qəbul edilməmək, işində, biznesində, təhsilində, şəxsi münasibətlərində uğursuzluq və s. kimi səbəbləri qeyd etmək olar. Bu kimi səbəblər nəticə etibarilə depressiyaya gətirib çıxarır. Pandemiyanın nəticəsi olaraq insanların həyatında edilən köklü dəyişikliklər - evə qapanma, passiv həyat tərzi, işsizlik, sosiallıqdan uzaqlaşmaq, həyat qayğıları ilə baş-başa qalmaq, internetdən və sosial şəbəkələrdən istifadənin artması ilə nəticələnib. Vətən müharibəsinin insanlarda yaratdığı qorxu, stress, gərginlik psixoloji tərəfdən zəif olan insanların psixologiyasının, iradə gücünün tamamilə alt-üst olmasına səbəb olan amillərdəndir.


Evə qapanan insanların yenidən sosial həyata adaptasiya ola bilməmələri, həyati qayğıları, lazimi məsuliyyətləri yenidən üzərlərinə ala bilməmək qorxusu da insanlarda daha depressiv və aqressiv vəziyyət yaradır. Bu zaman bəzi hallarda qayğılardan yayınmaq üçün insanlar zərərli maddələr qəbul edir. Sağlam olmayan düşüncələrin nəticəsi olaraq neqativ qərarlar qəbul edə bilirlər. Depressiya vəziyyətində, ani affekt halında intiharı çıxış yolu kimi qiymətləndirib, təəssüf ki, bu varianta əl atırlar. İnsanların psixologiyasına təsir edən vacib amillərdən biri də maddi vəziyyətdir. Həyat şərtlərinin dəyişməsi ilə bağlı olaraq bəzi insanların aylıq məvacibi yox dərəcəsinə enib.


Mövcud vəziyyətdə insanlar müəyyən çıxış yolu axtarmaq, vəziyyəti stabilləşdirmək və çalışmaq əvəzinə ən asan, bədbəxt yolu seçirlər. Son zamanlar intihara aparan səbəblərdən biri kimi şəxsi, ailə münasibətlərini də qeyd etmək olar. İnsanlarda yaranan psixoloji gərginlik, qorxu, iradə zəifliyi, həddən artıq aqressiyaya meyillilik onların şəxsi münasibətlərinə də böyük təsir göstərir. Sevgi və güvən əskikliyi hiss edən insanlar özlərini boşluqda hesab edirlər. Bunun nəticəsində ailədə problemlər yaranır, bəzi hallarda boşanma, ayrılma ilə nəticələnir. Bu kimi hallarda tərəflər münasibətləri uğrunda savaşmaq, bir-birini dinləmək, anlamaq yerinə canlarına qəsd edirlər. İntihar riski yaşayanlar tənha, zərərli vərdişlərin aludəçisi və depressiyada olan insanlardır".

Psixoloq bildirib ki, intihar heç bir halda çıxış yolu deyil: "İradəsi möhkəm olan insanlar bütün çətinliklərə dözür və yaşayır. Çünki onlar həyatın ancaq qaradan ibarət olmadığının fərqindədilər. Öz ağ günlərini yaşamaq uğrunda daim düşünür və bu yolda çalışırlar. İnsan psixologiyası hər zaman özünü yeniləməyə, düşüncələrini dəyişdirməyə qadirdir. Bu kimi depressiya vəziyyətində lazımsız, sağlam olmayan düşüncələri beynimizdən tecrid etməyi, iradə gücümüzdən istifadəni bacarmalıyıq. 


Ətrafımızda olan hər hansı bir insan intihardan bəhs edirsə, özünü dəyərsiz, lazımsız olduğunu, bu həyatda yaşamağın bir mənası olmadığını deyirsə və ya bu kimi hallarda, ümumiyyətlə depresiyaya meyillilik hiss olunursa, bu vəziyət mütləq ciddiyə alınmalıdır. İlkin olaraq həyata, yaşamağa qarşı pozitiv, motivasiyaverici cümlələrlə həmin şəxsləri qismən rahatlaşdırmaq lazımdır. Digər tərəfdən bu vəziyyətdə olan insanları psixoloq və ya psixoterapevt qəbuluna gəlməyə cəsarətləndirməliyik. Hər bir halda bu zaman ən doğru və sağlam qərar mütəxəssisdən alınan yardımdır".

Elnur Rüstəmov vurğulayıb ki, pandemiyanın ötürdüyü neqativ enerjinin nəticəsi olaraq insanlarda stress, gərginlik kimi hallar meydana çıxır: 


“İntiharlar hər zaman olub və bundan sonrakı mərhələlərdə olacaq. İntiharlar müxtəlif səbəblərdən yarana bilər. Buraya ailə, demoqrafik, psixoloji, sosial-iqtisadi və genetik faktorları qeyd etmək olar. Bu problemlərlə hər insan barışa və mübarizə apara bilmir. Nəticədə insanlarda özünəqapanma halları müşahidə olunur. Zaman ötdükcə, intihar düşüncəsi “çıxış  yolu” kimi görünür. Zənnimcə, son dönəmlərdə intiharların aktuallaşmasının bir səbəbi  də bu tip mövzuların, videoların, xəbərlərin manşetə çıxarılmasıdır. Bununla bağlı Ruvertinin “inandırma psixologiyası” adlı bir kitabı maraqlı tədqiqatlar yer alıb. Orada konkret olaraq qeyd və sübut olunur ki, intiharla bağlı xəbərlər nə qədər çox paylaşılarsa, bir o qədər də sayı artacaq. Kimsə özünü dənizə atsa və bunu hər kəs işıqlandırsa, dəniz intiharlarının artdığını görəcəyik. Çünki həmin xəbərlər və videolar çəkindirmir, əksinə intiharları stimullaşdırır. İnsanlar düşünür ki, “bəli, bunu mən də edə bilərəm. Ona görə də hər zaman vurğulanır ki, intiharla bağlı xəbərləri verərkən, diqqətli olmaq lazımdır. Hadisəni çəkib paylaşmaqla insan heç nə əldə etmir. Sadəcə digərlərini təhrik edirik. 

Coğrafi şəraitin də burada rolu var. Statistikalar göstərir ki, bu kimi xəbərlər çəkib, paylaşanda ilk 7-10 gündə intiharların sayı artır, sonra yenə öz tempi ilə gedir. 


Sosial vəziyyətin intihara birbaşa təsiri yoxdur. Yəni həmin o statistikanı biz aparsaq, aydın olar ki, hamısı sosial vəziyyəti aşağı olan adamlar deyil. Bəzən maddi vəziyyəti yaxşı olan insanlar da bu yola əl atır. Lakin bu, bədbəxt hadisə kimi qələmə verilir. Gecə yatıb, səhər oyanmamğı qeyd edə bilərik. Ancaq öz yaxınları bilirlər ki, həmin adam intihar etmişdi. 

İntihar konkret olaraq çıxış yolu deyil. Əgər insanın həyatında hər hansı bir səbəbdən - fərqi yoxdur özü, ailəsi, yaxınları və ya şəxslərarası münasibətlərlə bağlı bir problemi varsa, intihar son yol belə deyil. Məsələnin həlli yolunu tapmaq lazımdır. Mən həyatda elə bir insan tanımıram ki, onun qayğısı olmasın. Hər bir insanın çətinliyi və özünə görə qayğıları var. İnsanlara tövsiyə edirəm ki, mümkün qədər nə intihar haqqında videolar izləsinlər, nə də intiharla bağlı yazılar oxusunlar. İnsan yaşamağa tutunmalıdır. İnsanın yaşamaq üçün hər zaman bir səbəbi olmalıdır. Həmin o səbəbi gücləndirmək lazımdır. 

Orxan Oruc potensial "mətbuat orqanlarının" bu məsələdə rolundan danışdı: 



Daimi düşüncəli, depressiv vəziyyətdə olan insanlarla işləyərkən, əsas profilaktik işimiz bu düşüncələri aradan qaldırmaqdan ibarət olur. Bəzən insan affekt vəziyyətində və yaxud özünü çox çarəsiz hiss edərkən, belə üsullara əl atır. İntiharların artmasına əsas səbəb kimi “Verter effektini” qeyd edə bilərik. Bu effektin məğzi ondan ibarətdir ki, intiharla bağlı eşidilən və yayılan xəbərlər digərlərini stimullaşdırır. Belə bir addımın atılması digərlərinində “cəsarət” oyadır. Xüsusilə, indiki dövrdə sosial media istifadəçiləri potensial mətbuat orqanına çevrilib. Düşüncəsizlikdən və maariflənmə səviyəsinin aşağı olmasından irəli gələrək, bu görüntülər yayılır. Bəzən intihar düşüncəsi olmayan insan belə bu tip foto və ya videolara baxdıqda, həmin hadisə altşüuruna oturur. Affekt halında isə alternativ “çıxış yolu” kimi işə düşür. Belə bir tədqiqat var ki, intihar hansı ərazidə baş verirsə, digərlərinin də forması da növü eyni olur. Şəhərdə hündürmərtəbəli binalardan, sahil olan ölkələrdə isə özünü dənizə atmaq kimi halları qeyd edə bilərik.


İntiharla bağlı xəbərin video və ya fotosu olmasa belə, təhrikedici funksiyası olur. İntiharlar əvvəllər də olub. 50-100 il öncə informasiya gəlib çatmırdı. Yaxud da bu tip xəbərlərə reqlament və senzuralar var idi. Təəssüf ki müasir dünyamızda bu hadisə dəyişib. Artıq neçə illərdir müşahidə edirik ki, bir intihar hadisəsi baş verirsə, dərhal arxası ilə bir neçəsi təkrarlanır. Bir məqamı da qeyd edim ki, əsasən, intiharı uğurla başa çatan insanların xəbərləri yayılır, paylaşılır. Uğursuz cəhdlər ölümlə nəticələnmədiyi üçün ictimailəşmir. 

Sosial vəziyyəti aşağı olan ölkələrdə intihar sayı az olur, nəinki daha imkanlı ölkəıərdə. Məsələn, çox inkişaf etmiş ölkələr var ki, orada intiharın adam başına düşən statistikası sosial problemlər məsələsində aşağı olan ölkələrdə nisbətdə çox yüksəkdir. Hər insanın həyatının arxasında özünəməxsus bir hekayəsi və problemi var. Kiminsə intihar səbəbi başqa birisi üçün çox sadə və ya faciəvi görünə bilər. Bəzən ola bilər ki, nümayiş xarakterli intiharlar ölümlə nəticələnsin. Kimisə təhdid etmək, özündən sonra qalan şəxslərə zərər vurmaq məqsədilə edilən intiharları bura aid edə bilərik. Bu, aqressiyanın bir növüdür. Başqasına zərər vurmaq istəyir ama nəticədə öz həyatına son qoyur”. 


P.S. Bizim heçliyimiz problemlərimizi həll etməyəcək. Günəşə baxmaq yox, onu görmək lazımdır...

Məhərrəm Əliyev