Professor: "Qorxulu nəsə axtarmağa ehtiyac yoxdu, UŞAQLARI QORUMALIYIQ
    • 6-02-2021, 11:30
    • 698

Professor: "Qorxulu nəsə axtarmağa ehtiyac yoxdu, UŞAQLARI QORUMALIYIQ"

Son günlər ölkəmizdə bir sıra şaiyələr yayılıb. Bəzi şəxslər iddia edir ki, modul xəstəxanasında uşaqlar üçün çarpayılar yerləşdirilib və xüsusi hazırlıq görülüb. Bu məsələ valideynlər arasında panika yaradıb. Məktəb və bağçalar açılsa da, onlar qorxduqları üçün övladlarını göndərmək istəmirlər. Məktəbə övladını göndərən valideynlərin uşaqlarında isə ishal kimi halların ortaya çıxdığı bildirilir. 

News24.az məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybullanın fikirlərini öyrənib:


“Birinci dalğada uşaqlarda xəstəliyi əlamətsiz formada keçib. Uşaqlar ətrafdakıları yoluxdurma qabiliyyətinə malik idilər. Özləri isə demək olar ki, xəstələnmirdilər. Daha sonra ayrı-ayrı epizodlar ortaya çıxdı. Uşaqlarda da xətəlik peyda oldu və müəyyən əlamətlərlə özünü büruzə verdi. Uşaqlar və gənclər arasında kütləvi ölüm halları çox geniş müşahidə edilmədiyindən, xəstəliyin gedişində xüsusi bir dəyişiklik yoxdur. Ancaq uşaqlar da xəstələnə bilər. Bu hallara hazır olmalıyıq. 

Modul xəstəxanasında uşaqlar üçün çarpayıların yerləşdirilməsi ilə bağlı xəbərləri rəsmi qurumlar təkzib edir. Hesab edirəm ki, burada qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur. Kütləvi yayılma olsa, maksimum effektiv qorunma baxımından müəyyən potensial hazırlıqlar ola bilər”. 


Professorun fikrincə, uşaqların tədris prosesinə qoşulmasını düzgün addımdır: “Artıq Rusiyada da əyani təhsil başlayıb. Növbəti semestrdan ali məktəblərdə də bu proses həyata keçiriləcək. Bizim orta və ali məktəblərdə dərslər əyani başlayacaqsa, mütləq karantin davranışlarına əməl edilməlidir. Bir sinifdə neçə şagird və ya tələbənin olması, partada lazımi məsafədə oturması, maska taxılması, sinif otaqlarında dərsdən əvvəl və sonra dezinfeksiya edilməsi kimi məsələlər düzgün təşkil edilməlidir ki, əlavə yoluxma potensialları və mənbələri yaranmasın. Beləcə, effektiv şəkildə vaksinasiya işi gedə bilər”. 


Adil Qeybulla yumşalma prosesinin məntiqli və zəruri olduğunu qeyd edib: “Dünyanın əksər ölkələrində, sosial həyatın ayrı-ayrı sahələrində yumşalmalar var. Bizdə də bu prosesin icra olunması üçün müəyyən əsaslar var. Məsələn, yoluxma potensialı xeyli azalıb və immunitet formalaşıb. Sadəcə olaraq insanlar qapalı mühitdə karantin davranışlarına ciddi əməl etməlidir. Maskadan düzgün istifadə olunması, əllərin dezinfeksiyası və sosial məsafə kimi məsələləri boşdan almaq düzgün deyil. Digər tərəfdən isə vaksinasiyanın əleyhinə getmək, tərəddüd yaratmaq qətiyyən yanlışdır. Bunu bilərəkdən edənlər və ya səmimi yanılanlar bu işə çox ciddi maneə törədirlər. Gücümüzü daha çox vaksinasiyanın effektiv təşkilinə yönəltməliyik. Biz bu istiqamətdə yetərli iş görə bilmirik. Bununla bağlı maarifləndirmə işinin aparılmasına, təlimlərin həyata keçirilməsinə ciddi fikir verməliyik. Bu məsələdə həm dövlət qurumları, həm də vətəndaşların böyük məsuliyyəti var”.

Məhərrəm Əliyev