Hirkan milli parkında “açıq qapı” günü keçirilir - FOTOLAR
    • 9-02-2021, 15:14
    • 1 143

Hirkan milli parkında “açıq qapı” günü keçirilir - FOTOLAR

Hirkan milli parkının yaradılması ilə əlaqədar milli parkda "açıq qapı” günü və maarifləndirici tədbirlər keçirilir. Bu gün ziyarətçilər milli parka giriş haqqından azaddır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən News24.az-a verilən məlumata görə, ziyarətçilər parkda hirkan tipli meşələrin zəngin biomüxtəlifliyi ilə tanış ola və unikal göl mənzərəsini seyr  edə bilərlər.

Lənkəran, Astara və Lerik rayonlarının ərazisini əhatə edən Hirkan milli parkı 9 fevral 2004-cü il tarixində yaradılıb və əsrarəngiz təbiət abidəsi hesab olunur.

“Açıq qapı” günündə Hirkan milli parkındakı bitkilərdən hazırlanmış herbari sərgisi nümayiş etdirilir, yerli əhali tərəfindən yetişdirilmiş orqanik məhsulların, dərman bitkilərinin satışı təşkil edilir. 

 Qeyd edək ki, fevralın 8-də Abşeron milli parkında da millii parkın yaranması günü ilə əlaqədar “açıq qapı” günü və maarifləndirici tədbirlər keçirilib, parkın ərazisində  Qızılqaz quşları (flaminqolar) müşahidə olunub. 

Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan Abşeron milli parkı 8 fevral 2005-ci il tarixində yaradılıb.