Yaşar Nurinin həyat yoldaşı:
    • 11-02-2021, 11:24
    • 1 718

Yaşar Nurinin həyat yoldaşı: "SIXINTILAR VAR"

"Ailəmlə bağlı son sözü yalnız mən deyə bilərəm. Nədənsə insanlar eşitdikləri hər söhbətə mahiyyətinə varmadan, dəqiqləşdirmədən təpki veririlər".

Bu sözləri News24.az-a açıqlamasında mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib. 

O, bildirib ki, həqiqətən də hazırda böyük sıxıntı yaşayır: "ARB-də efirdə olduğum zaman müğənni Zeynəb Dostəliyevə studiyaya zəng edib ailəmin durumu ilə bağlı fikirlərini dedi. Düzdür, həqiqətən də sıxıntılar var, amma mən heç vaxt bunu ictimailəşdirmək istəməmişəm. Mən heç yerdə işləmirəm, yalnız Yaşarın adına görə 247 manat təqaüd alıram. Ali təhsilli musiqişünasam, ixtisasıma uyğun iş olarsa çalışaram. Kiçik qızım Ülkər pandemiya ilə əlaqədar olaraq bir ildir işləmir".
 
R. Nuriyeva
onu da vurğulayıb ki, sentyabr ayında Xalq artisti Yaşar Nurinin 70 illik yübileyi olacaq. Amma bu günün özəl olaraq qeyd edilməsi, tədbir kimi keçirilməsi üçün heç bir mədəniyyət qurumu təşəbbüs göstərmir: "Sağlığında Yaşarın bütün yubileyləri çox gözəl şəkildə qeyd edilib. Arzu edirəm ki, onun 70 illiyi də sağlığındakı kimi gözəl, fərqli və möhtəşəm olsun. Bu tədbir Yaşar Nurinin adına uyğun olmalıdır. Məsələn, istərdim ki, Yaşarın bir yubiley gecəsi burda, biri də Moskvada keçirilsin. Bilirəm ki, Araz Ağalarovun möhtəşəm məkanı var. Məsələn, tədbir orda baş tuta bilər. Ya da Türkiyədə də keçirilə bilər. Çünki, Yaşarın orda çox sayda qastrolları baş tutub".

Xalq artistinin həyat yoldaşı onu da bildirib ki, problemlərlə əlaqədar Mədəniyyət Nazirliyinə dəfələrlə rəsmi müraciət etsə də, məktubları cavabsız qalıb: "2012-ci ildən bu günə qədər heç kim bizimlə maraqlanmayıb. Heç telefonla belə zəng edən olmayıb. Bilirsiniz, hər şey maddiyata bağlı deyil. Mənəvi dəstək də çox vacibdir. Dəfələrlə o qurumlara məktublar yolLamışam, amma heç birindən müsbət cavab almamışam. Yaşarın zəngin arxiv materiallarını əzizləyib qoruyub saxlamışam. Onları qorumaq üçün şərait yaradılmalıdır. Yaşarın çox böyük sənəti, arxivi var var bu da gələcək nəsillərə bir məktəb kimi təqdim olunmalıdır. Ən böyük arzum isə Cənab Prezident İlham Əliyevin əlini sıxıb, ürəyimdəki problemlərimi və arzularımı çatdırmaqdır. Bəlkə də nə vaxtsa bu mənə nəsib olar". 

Sevda Bayramova