Bakıda zavodda yanğın təhlükəsizliyinə dair ciddi nöqsanlar aşkarlandı - VİDEO
    • 15-02-2021, 11:57
    • 569

Bakıda zavodda yanğın təhlükəsizliyinə dair ciddi nöqsanlar aşkarlandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 4 ünvanında yerləşən zavodda plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

News24.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müəssisənin ərazisi, bina və tikililərin yanğına qarşı ara məsafələri vaxtaşırı yanar tullantılardan təmizlənməyib; 

inzibati bina və istehsal sahəsi normalara uyğun təxliyə çıxışları ilə təmin olunmayıb;

bina və qurğular avtomatik yanğın xəbərverici siqnalizasiya və tüstüxaricetmə qurğuları ilə, yanğına qarşı su təchizatı sistemləri ilə təmin olunmayıb;

elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

qeyri-standart elektrik qızdırıcı cihazlarından və odun sobalarından istifadəyə yol verilib;

insanların və qiymətli əşyaların köçürülməsi üçün “Təxliyə planı” tərtib edilməyib;

obyektdə mövcud olan istismar müddəti başa çatmış odsöndürənlərin tərkibi yenisi ilə əvəz edilməyib;

obyektin tələb olunan zəruri sahələri ilkin yanğınsöndürmə alət və vasitələri ilə təmin olunmayıb;

yanğın su hovuzu saz vəziyyətə gətirilməyib, yanğın texnikasının su mənbəyinə yaxınlaşması və manevr edə bilməsi üçün normalara uyğun meydança təşkil edilməyib;

yanğınların söndürülməsi üçün istifadə edilən yanğına qarşı su mənbələrinə, stasionar yanğın nərdivanlarına və yanğın inventarları saxlanılan sahələrə sərbəst yaxınlaşmaq üçün keçidlər tutulub;

daşınmaz əmlakın icbari sığortası həyata keçirilməyib;

ərazinin gecə vaxtı işıqlandırılması təmin olunmayıb.

Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Qanunun 25-ci maddəsinin 9-cu və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 4 ünvanında yerləşən zavodda Rəngləmə sexində işlərin görülməsinin dayandırılması barədə Qərar qəbul edilib.