133 dəfə 11 metrlik cərimə zərbəsini dəf edən əfsanəvi qapıçı – siqaretin məhv etdiyi dünya şöhrətli idmançı
    • 22-10-2018, 15:30
    • 804

133 dəfə 11 metrlik cərimə zərbəsini dəf edən əfsanəvi qapıçı – siqaretin məhv etdiyi dünya şöhrətli idmançı

Bəlkə də o, dünyanın ən güclü xokkeyçilərindən biri olacaqdı. Böyük qələbələrə imza atdıqdan sonra jurnalistlərə yaşadığı evin həyətində əlləri dona-dona düzəltdiyi buz meydançada ilk oyunlarından həvəslə söhbət açacaqdı. Ancaq onun buz meydançanı yaşıl meydanca ilə əvəz etməsi həyatını başqa səmtə istiqamətləndirdi, futbol tarixinə yeni bir ad yazıldı – Lev Yaşin...
Hər il oktyabrın 22-də azarkeşləri, veteran futbolçular, Moskva “Dinamo”çuları, doğmaları və dostları dəfələrlə SSRİ çempionu, Avropa çempionu, neçə-neçə kubokların sahibi, dünya tarixində ilk və hələ ki son qapıçı olaraq “Qızıl top” mükafatçası, Lenin ordenli, Sosialist Əməyi Qəhrəmanı, polkovnik və əfsanəvi qapıçı Lev Yaşini doğum günü münasibətilə böyük təmtəraqla yad edirlər.
Lev Yaşin 1929-cu ildə Moskva ətrafında kiçik bir qəsəbədə anadan olub. Müharibə başlananda onların ailəsi Ulyanovsk şəhərinə köçürülüb. Uşaqlıq və yeniyetməlik illəri çox ağır və çətin keçən Yaşin 15 yaşından zavodda işləməyə başlayıb. Vəziyyətin nə qədər çətin olmasına baxmayaraq Yaşin elə uşaqlıq illərindən idmana böyük maraq göstərib. Qışda qonşu uşaqlarla birlikdə evlərinin qarşısındakı kiçik həyətdə buz meydnça düzəldərək xokkey oynayıblar. Digər fəsillərdə isə çətinliklə əldə etdikləri topla futbol üzrə məhəllə oyunları təşkil ediblər.

Lev Yaşin həqiqi hərbi xidmətini daxili qoşunların hissəsində keçirib. Xidməti illərində onun futbol istedadı diqqətdən yayınmayıb və xidməti başa vurduqdan sonra onu “Dinamo”nun gənclər heyətində oynamağı təklif ediblər. Elə həmin vaxtdan Yaşin öz taleyini bu komandaya bağlayıb.
Yaşin öz komandasına sadiq olub. O, “Dinamo”dan başqa bir dəfə də olsun belə başqa komanda ilə yaşıl meydançaya çıxmayıb. Təbii ki, SSRİ yığmasını çıxmaq şərtilə.
1949-cu ildə Lev Yaşin Moskva “Dinamo”sunun əsas heyətinə keçirilib. Ancaq ilk mövsümlər onun üçün heç də asan keçməyib. “Pələng” ləqəbli qapıçı Xomiçdən sonra fərqlənmək sözsüz ki, Yaşin üçün çətin olub. Fərqlənmək bir kənara, hətta Lev Yaşin bir-neçə dəfə komandasını çətin vəziyyətə salıb. “Traktor” klubu ilə oyunda isə Lev Yaşin rəqib komandanın qapıçısının vurduğu topu buraxıb. Bunu özünə bağışlaya bilməyən və azarkeşlərin qınağı ilə üzləşən Yaşin futbulu tərk edib və yerli xokkey komandasında oynamağa başlayıb. Məhz həmin 3 il ərzində Yaşin xokkey üzrə SSRİ kubokunu və SSRİ çempionatının bürünc medalını qazanıb.
Yaşin buz meydançalarda çox qərar tutmayıb. O, yenidən xokkey komandası olan “Dinamo”dan futbol “Dinamo”suna tarnsfer edib. Lev Yaşinin bütün uğurları da buradan başlayıb.

Lev Yaşin bir qapıçı kimi dünyanın ən məşhur futbolçularını belə təəcübləndirməyi bacarıb. Pele, Eysebio, Müller kimi məşhur futbolçular onu “əfsanəvi qapıçı” kimi dəyərləndiriblər. 133 dəfə (bəzi mənbələrdə 107) 11 metrlik cərimə zərbəsini dəf edən Lev Yaşin sözün əsl mənasında futbol azarkeşlərinə qapıçılıq incəsənətini nümayiş etdirib.
Lev Yaşinin futbol həyatında sıxıntılı anlar da az olmayıb. 1962-ci ildə Çilidə keçirilən dünya şempionatında öz qrupunda Yoqoslaviya və Uruqvay yığmalarını məğlub edən SSRİ yığması dörddə bir finalda Çili yığmasına 2-1 hesabı ilə məğlub olub. Bu məğlubiyyətdən sonra Yaşin çox sərt tənqidlərə məruz qalıb. SSRİ-nin furbol rəhbərliyi artıq yaşı 30-u keçmiş Lev Yaşini təqaüdə göndərilməsi haqqında müzakirələr aparıblar. Sözsüz ki, bu cür münasibət Yaşinə olduqca mənfi təsir edib. Ancaq çox keçməmiş Lev Yaşin yenidən SSRİ-nin idman ictimaiyyətinin diqqət mərkəzinə gəlib.

Belə ki, 1963-cü ildə Londonun “Uembli” stadionunda İngiltərə futbolunun 100 illiyi münasibətilə dünya yığması ilə İngəltərə yığmasının oyunu təşkil edilib. Əsrin oyunu adlandırılan bu matçda dünya yığmasının qapısını qorumaq üçün oyuna məhz qapıçı kimi Lev Yaşin dəvət olunub. Çox böyük marağa səbəb olan və milyonlarla insanın seyr etdiyi bu oyunda Lev Yaşin bir daha dünya futbol azarkeşlərinin böyük sevgisini qazanıb. Elə bu turnirdən sonra da əfsanəvi qapıçı “Qızıl top” mükafatına layiq görülüb.
İngiltərədən SSRİ-yə qayıdandan sonra Lev Yaşinin stadionlara girişində yenidən yaşıl işıqlar yanıb.
Lev Yaşin az sayda olan futbolçulardan biri olaraq 41 yaşınadək yaşıl meydançalarda böyük peşəkarlıqla komandasının idman şərəfini qoruyub. 1971-ci il mayın 27-də o, özünün 813-cü sonuncu oyunu ilə “xalqıma təşəkkür edirəm” deyərək stadionu tərk edib.
Onun sonrakı həyatı da idmanla bağlı olub. Yaşin “Dinamo” komandasının rəisi kimi fəaliyyət göstərib, sonra isə SSRİ İdman Komitəsində çalışıb.

Futboldan ayrıldıqdan sonra Lev Yaşinin səhhətində cidd problemlər yaranıb. Hədsiz dərəcədə çox siqaret çıkməsi, alkoqollu içkilərdən istifadə əfsanəvi qapıçının xəstəliklərini daha da kəskinləşdirib. 1984-cü ildə onun sol ayağı kəsilib. Ancaq o, həkimlərin qəti qadağalarına baxmayaraq siqareti tərgitməyib. Ürək xəstəlikləri, mədə xərçəngi Lev Yaşini tanınmaz hala salıb. O, 1990-çı il martın 20-də vəfat edib.

Qeyd edək ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin şəxsi göstərişi ilə Lev Yaşin haqqında “Arzularımın qapıçısı” filmi çəkilib.
// Musavat.com