6 gün əvvəl piyadanı vuraraq öldürən və hadisə yerindən qaçan sürücü saxlanıldı
    • 23-02-2021, 12:54
    • 372

6 gün əvvəl piyadanı vuraraq öldürən və hadisə yerindən qaçan sürücü saxlanıldı

Fevralın 17-də saat 8 radələrində Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində şəhər sakini Şakir Quliyevin burun nahiyəsində əzilmiş-sıyrılmış xəsarət olan meyitinin tapılması barədə 3-cü Polis Bölməsinə məlumat daxil olub. 

DİN-dən News24.az-a daxil olan məlumata görə, şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Ş.Quliyevin “QAZ-33021” markalı yük avtomobili ilə vurulması müəyyən edilib. 
Əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Ş.Orucov şübhəli şəxs qismində saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.