Azərbaycan əsgərinin ayağı Xocalı torpağındadır - Yazıçı qazinin DÖYÜŞ TƏƏSSÜRATLARI - VİDEO
    • 26-02-2021, 16:37
    • 947

Azərbaycan əsgərinin ayağı Xocalı torpağındadır - Yazıçı qazinin DÖYÜŞ TƏƏSSÜRATLARI - VİDEO

Bu gün insanlıq tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı faciəsi yalnız xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə vəhşiləşmiş, azğınlaşmış erməni faşistləri qədim Azərbaycan torpağı olan Xocalını yerlə-yeksan etdilər, yüzlərlə günahsız, dinc insanı amansızcasına qətlə yetirdilər. Erməni terrorçularının amansız vəhşiliyi nəticəsində 613 nəfər Xocalı sakini qətlə yetirildi, 1275 nəfər əsir götürüldü, 100-dən artıq sakin yaralandı və şikəst oldu. Qətl edilənlərin 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri isə qoca idi. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürüb, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar.



Xocalının qanlı tarixini əbədi yaşatmalıyıq. Çünki bu tarix erməni xislətinin carçısıdır və hər bir azərbaycanlının qəlbində dərin iz salan yaradır. Lakin qüdrətli Azərbaycan Ordusu artıq bu yaranı vuran əli kəsib. Cəmi 44 gün davam edən Vətən müharibəsini tarixi zəfərlə başa vuran Azərbaycan ermənilərin 5 il ərzində işğal etdikləri və 30 ilə yaxın bir müddət ərzində qoruyub-saxlamaq məqsədilə istehkamlar tikdiyi torpaqları geri aldı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Lakin Azərbaycanın bu tarixi qələbəsi həm də bütün Cənubi Qafqazı erməni faşizmindən xilas etdi. Çünki erməni separatizminin utopik “böyük Ermənistan” ideyası sadəcə Azərbaycan üçün deyil, həm də bütün region ölkələri üçün əsl təhlükə idi. 
Erməni faşistləri artıq İkinci Qarabağ Müharibəsinin nəticələrindən ibrət götürməli, başqasının torpaqlarına tamah salmaqdan və ən əsası da terrorçu əməllərindən birdəfəlik əl çəkməlidir.


Şanlı Qarabağ zəfərinin iştirakçılarından biri də leytenant, yazıçı Emin Piridir. Bütün hərbçilərimiz bizim üçün əziz və dəyərlidir. Ancaq Emin Pirinin Xocalı döyüşlərində iştirakı bizi onunla həmsöhbət etməyə vadar etdi. Çünki Azərbaycan əsgərinin Xocalıda döyüşməsi, o torpaqlara ayaq basması xüsusi mahiyyət kəsb edən məsələdir. Görəsən, oraya ayaq basdığı anda hərbçimiz hansı hissləri keçirib? 

Qazimiz News24.az-a təəssüratlarını bölüşüb.


Emin Piri Xocalıda döyüşməyin ona xüsusi hisslər bəxş etdiyini vurğuladı: “Xocalıya  İlk olaraq Çanaqçıdan girdik. Bütün hərbçilərimiz Xocalıda xüsusi həvəslə döyüşürdü. Bunun səbəbi isə məlumdur. Xocalının kəndində olmaq mənə qəribə bir hüzur verdi. Orada olarkən qələbəyə tam inanırdım. Düşünürdüm ki, Xocalı torpağına girmişiksə, demək, bu məsələ artıq həll olunub. Bundan əlavə, istənilən azərbaycanlı Xocalı torpağında olsa, soyqırımının dəhşəti beynində canlanacaq. Həmin soyqırımı xatırlamamaq qeyri-mümkündür. Xocalının təbiətini görəndə təəccübləndim. Çünki biz o qədər qar üstündə uşaq cəsədləri, dinc sakinlərin ölümləri, faciə, qətliam görmüşük ki, ora beynimdə dəhşətli bir yer kimi canlanırdı. Sanki elə bilirdim ki, Xocalının cəhənnəmi xatırladan bir görüntüsü olacaq. Ancaq Xocalıda olarkən anladım ki, bu günə qədər gördüyüm ən gözəl təbiət məhz oradadır. Başqa torpaqlarımızın haqqına da girmək istəmirəm, ancaq doğrudan da o torpaq cənnəti xatırladırdı.  Oranı görəndən sonra beynimdən bir sual keçdi: Axı bu cənnət məkanda niyə uşaq qanı axıdasan? 


Oranı görəndə bir daha anladım ki, insanlar cənnət məkanları, torpaqları günahsızların qanları ilə cəhənnəmə çevirirlər”.

Emin deyir ki,  Xocalıda əsgərlərimiz daha çox uşaq məktublarının üstündə mübahisə edərdilər: “Orda olanda iki şey üstündə bəhsəbəhs vardı. Uşaqlardan gələn məktublar, bir də siqaret. Hər kəs çalışırdı ki, azyaşlı balaların yazdığı məktubu o alsın. Çünki o məkanda həmin məktubların bir başqa anlamı, bir ayrı təsiri vardı”.

Leytenant Xocalıda olduğu zaman uşaqlardan aldığı məktubları özü ilə kənd-kənd, ev-ev gəzdirib: “Xocalıdakı evlərə girəndə uşaq otaqlarında məni qəribə hisslər boğurdu. Düşündüm ki, bəlkə də həmin otaqlarda əvvəllər azərbaycanlı uşaqlar yaşayıb. O evlərdə hələ də indi həyatda olmayan o körpələrin səsi, nəfəsi qalır”.


Qazimiz deyir ki, ordumuz Xocalıda olanda ordakı ermənilərə eyni acını yaşada bilərdi. Amma bizim əsgərimiz hər zaman, hər yerdə humanist olduğunu sübut edib: “Bu, Azərbaycan Ordusunun onların dinc sakinlərinə göstərdiyi humanizmdən irəli gəlir. Bizim işimiz dinc sakinlərlə deyildi. Bizi ermənilərdən fərqləndirən əsas cəhətlərdən biri də budur”.  

Döyüşçü həmsöhbətimiz sonda böyük zəfərimizin Xocalı ağrısına məlhəm olduğunu vurğuladı: “Artıq bir şeyi anlamalıyıq ki, Azərbaycan əsgərinin ayağı Xocalı torpağı üzərindədir...”

Müxbir: 
Məhərrəm Əliyev
VİDEO: 
Hüseyn Həsənov
Fərid Şabanov