-
- 1-05-2024, 15:13
- 367
Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI
Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur.
Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. Ona görə də istixanalar artıq yanacaqdan istifadə etmir, təbii günəş enerjisindən faydalanır. Bu da həm məhsulun maya dəyərini aşağı salır, həm də məhsul bolluğu yaradır. Ona görə də yaxın günlərdə xiyar, pomidor və çiyələyin qiyməti xeyli aşağı düşəcək".
News24.az bildirir ki, bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, açıq sahədə yetişdirilən xiyar, pomidor və çiyələk də yaxın günlərdə bar verməyə başlayacaq:
"Bu da bazarda təklifin artmasına şərait yardacaq. Amma bu mərhələyə çatmağımız üçün ən azı 15-20 gün zaman tələb olunur. Yəqin ki, mayın ikinci yarısında növbəti qiymət enişinə şahidlik edəcəyik. O zaman biz bazarlarda kiloqramı 1 manata qədər olan xiyar, 1-1,5 manata olan pomidor və çiyələk görəcəyik".
Akif Nəsirli bazara faraş kartofun da çıxdığını qeyd edib:
"Yaxın günlərdə Cəlilabad və digər rayonların fermerləri cari ilin kartofunu kütləvi şəkildə bazara çıxaracaqlar. Bundan əlavə, yeni soğan da artıq piştaxtalara yol tapır. Təsadüfi deyil ki, bəzi bazarlarda soğanın kiloqramı 30 qəpiyədək ucuzlaşıb. Kartof da yaxın günlərdə daha ucuz qiymətə təklif olunacaq.
Bundan əlavə göyərtinin qiymətində eniş olacaq. Dəsti 20-25 qəpiyə satılan göyərti ən azı 2 dəfə ucuzlaşacaq. Bu ucuzlaşma əsasən yay aylarına qədər davam edəcək. Çünki isti havalarda göyərti becərmək kifayət qədər çətin olur".
Həmsöhbətimiz bu ilin fevral-mart aylarında havaların əlverişli keçməsini meyvə bolluğuna gözəl zəmin kimi dəyərləndirib:
"Ona görə də bu il biz daha ucuz qiymətə meyvə görəcəyik. Ola bilsin ki, ərik bir qədər baha olsun. Ancaq digər mövsümi meyvələr bol və ötən illə müqayisədə xeyli ucuz olacaq".