“İtaliyanın Ermənistanla bağlı tələbi təqdirəlayiqdir” – MİLLƏT VƏKİLİ
    • 4-03-2021, 17:11
    • 677

“İtaliyanın Ermənistanla bağlı tələbi təqdirəlayiqdir” – MİLLƏT VƏKİLİ

Martın 2-də İtaliya Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında qəbul olunmuş “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə”də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəflər konstruktiv fəaliyyət göstərməyə dəvət olunub və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsi istənilib.

Milli Məclisin deputatı Arzu Nağıyev News24.az-a açıqlamasında məsələyə münasibət bildirib.
 
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə ən ciddi məsələlərdən biri minaların təmizləməsidir: “Bu, həm humanizm, həm hərbi, həm də gələcəkdə ərazilərin bərpası baxımından çox əhəmiyyətli məsələdir. Rusiya kütləvi informasiya vasitələri (KİV) minaların qiymətinin 400 milyon dollara yaxın olduğunu açıqlayıb. Bu, ikili standartdan yanaşmadır. Ümumiyyətlə, hərbi büdcəsi 650 milyon dollar olan bir dövlət 400 milyon dollarlıq minanı necə ala bilər? Deməli, burada korrupsiya faktı var və müəyyən rəqəmlər gizlədilir. Xəritələri təqdim etməməyin əsas səbəblərindən biri bu, ola bilər”. 
 
Millət vəkilinin fikrincə, ermənilərin minalanan ərazilərin xəritəsini verməməsinin digər səbəbi Ermənistanınqeyri-humanist siyasətindən irəli gəlir: 
“Məlum məsələdir ki, köhnə təmas xəttində minalar var idi. Onlar gec də olsa, təmizləndi. Geridə qalan minalar ziyarətgahlarda və qəbiristanlıqlarda daha çox basdırılıb. Bu minaların təmizlənməsi ikinci mərhələdə olacaq. Beynəlxalq qurumlar hamısı bu məsələdə maraqlı olmalıdır. Belə olan halda vətəndaşlarımız dinc quruculuq həyatına daha tez qayıdacaq. Bir sıra dövlətlər, eyni zamanda, İtaliya parlamentinin bu məsələyə çox ciddi yanaşması təqdirəlayiqdir. Onlar dövlət səviyyəsində bu məsələni qanuniləşdirməyə çalışır və Ermənistana təzyiqləri artırmağı dövlətlərdən tələb edirlər. Hesab edirəm ki, burada Rusiyanın da marağı birmənalı şəkildə olmalıdır”. 
 
Siyasət şöbəsi