"Çarəsizlikdən 18 min dollarlıq saatımı satdım" - ADİL KARACA - VİDEOMÜSAHİBƏ
    • 9-03-2021, 18:09
    • 1 383

"Çarəsizlikdən 18 min dollarlıq saatımı satdım" - ADİL KARACA - VİDEOMÜSAHİBƏ

Bu dəfə ki, müsahibimiz Türkiyə ilə yanaşı, Azərbaycanda və Rusiyada fəaliyyət göstərən müğənni Adil Karacadır. İfaçıyla bir çox maraqlı məqamlardan danışdıq. Ailəsindən, övladlarından, yeni işlərindən.
 
Adil Karacanın News24.az-a verdiyi müsahibəni təqdim edirik:



- "Mənim anam" adlı yeni mahnınız işıq üzü gördü. Yeni klipiniz dinləyicilər tərəfindən necə qarşılandı? 

- Bu günə qədər bir çox uğurla layihələrə imza atmışıq, amma bunun yeri yaradıcılığımda tam fərqli oldu. Mənə böyük uğur gətirdi. Bu da yəqin anamın dualarının sayəsində oldu. Anam hər zaman mənə deyir ki, “oğlum, Allah qarşına yalnız yaxşı insanlar çıxarsın”. “Mənim anam” mahnımız hələ bir neçə ay öncə hazır idi, amma Vətən müharibəyə görə klipini çəkib tamaşaçılarımıza və dinləyicilərimizə təqdim edə bilmədik. Amma çox şükür ki, Azərbaycan Ordusu böyük qələbəyə imza atdı. Qarabağ hər zaman Azərbaycanın qanayan yarası idi, amma indi ondan əsər-əlamət qalmadı və Qarabağ əzəli sahibinə yəni Azərbaycana qayıtdı. Klipimdə də üç ölkənin məşhur simalarını bir araya gətirdim. Azərbaycan, Türkiyə və Rusiya. Türkiyə vətəndaşıyam, 13 ildir Rusiyada yaşayıram və tez-tez Azərbaycanın məclislərinə gəlib-gedirəm. Bir sözlə bu üç ölkə mənim üçün doğma olduğundan belə bir layihə etmək qərarına gəldik. Klipdə Əməkdar artist Ədalət Şükürov rolunu çox gözəl canlandırıb, amma Afaq Gəncəli öz anası ilə çəkildiyinə görə bir başqa gözəl alınıb. Bəzən görürəm ki, sosial şəbəkədə yazırlar ki, Valeriya xanım o duyğunu kadra yansıda bilməyib, amma məncə pis alınmayıb. Valeriya xanım mahnının sözlərini anlaya bilməsə də, musiqinin gözəlliyinə aşıq olub. Məncə, o, obrazını çox gözəl canlandırıb.  

- Ananız klipə ilk dəfə baxanda rəyi necə oldu? 

- İnanırsınız ki, hələ anama klipi göndərməmişəm. Amma bacımla bir yerdə “Demet ve Alişan ilə sabah-sabah” proqramında klipi izləyiblər. Daha sonra anam zəng edib dedi ki, bacın çox təsirləndi və ağladı. Çünki çox kiçik yaşlarımdan evdən ayrılmışam. İnanın ki, klipə baxan hər kəs mənə "kaş orda ananızı çəkəydiniz" deyir. Adanadan İstanbula təyyarəylə gəlməli idi, bu isə böyük riskdir. Bunu gözə ala bilməzdim. Həm də ki, anam ağ ciyər xəstəsidir. Bu da riski iki qata qaldırır. Sizə bir əhvalat da danışım. Mən ilk dəfə doqquz yaşımda evdən çıxmışam. O yaş üçün çox cəsarətli addım atmışdım. Babamın uzaq qohumları İstanbula köçməyə hazırlaşırdılar və bunun üçün veşlərini yük maşınına yerləşdirmişdilər. Mən də hər kəsdən xəbərsiz o yük maşınının arxasında gizlənib İstanbula qaçdım. Anam daha sonra mənə 15 lirə pul göndərdi, onu da boxçamda gizlətdim. Daha sonra dayılarımın restoranında soğan, kartof soyurdum, masaları yığışdırırdım. Belə-belə illər keçdi sənətçi oldum. Amma inanın ki, dünyaya bir daha gəlsəydim müğənni olmazdım.  

- Səbəb? 

- Demək olar ki, bütün sənətçilərin 10.000 üzü var. Ümumiyyətlə dünyanın hər bir yerində şou-biznes çox kirlidir. Ona görə də uşaqlarımı şou-biznesdən uzaq tutmağa çalışıram. Məsələn, biri məni bir xanım müğənni ilə tanış edir. Sonra üstündən bir az keçir onu görür, üzünə gülür, amma arxasınca ağıza alınmayan sözlər deyir. Belə şey ola bilər mi? Yəni ki, şou-biznes budur. 


- Bildiyimiz qədəri ilə Vətən müharibəsi ərəfəsində koronavirusa yoluxmuşdunuz... 

- Bəli. Ailəmlə birgə çox çətin dövrdən keçdik. Amma o ərəfələrdə xəstəlikdən daha çox ermənilərin mənə qarşı etdikləri daha çox incitdi. "İnstagram"da Azərbaycanla bağlı çox sayda paylaşımlar etdiyimə görə səhifəm "spam"a düşdü. Ermənilər dayanmadan mənə təhqir və söyüşlər yazırdılar. Amma eybi yoxdur. Biz iki dövlət, bir millətik. Bizi o dönəmlərdə heç kim dayandıra bilməzdi.   

- Bir çox azərbaycanlı müğənnilər Moskvaya çalışmağa gedirlər. Onlar barəsində nə deyə bilərsiniz? 

- Sənətçi nə etsin? Bir ildir Azərbaycanda toy yoxdur. Bəlkə də çoxu əlində olan bütün var-dövlətini satıb. Şəxsən özüm 18.000 dollara olan qol saatımı 9.000-nə satdım. Vəziyyət belə gətirdi nə edə bilərik? Bilirsiniz, bəzi yerli sənətçilər burdan Moskvaya gedənlərə qarşı pis reaksiya göstərirlər. Sorğu-suala çəkirlər ki, niyə gəlməsin. Axı belə etmək olmaz. O da müğənnidir, o da evinə, ailəsinə çörək aparmalıdır. Bunun üçün çalışmalıdır. Allah hər kəsin işini avand eləsin. Mən onlar haqda heç vaxt pis fikir bildirə bilmərəm.  

- Açıqlamalarınızın birində demisiniz ki, nə qədər də vəsait xərcləsəm belə Türkiyə şou-biznesinə girə bilmərəm... 

- Az öncə dediyim ki, bu yaxınlarda Demet Akalınla Alişanın səhər verilişində qonaq oldum. Onda Demet mənə dedi ki, “artıq Türkiyəyə gəl və o gözəl nəğmələrini bizim üçün səsləndir”. Mən ora gedə bilmərəm. Çünki, Azərbaycanda tanılıb sevilmişəm. Burda da mənim kimi ikinci müğənni yoxdur. Yeganə türk ifaçısıyam ki, Azərbaycan mahnılarını oxuyuram. Bunu da dinləyicilərim məndən istədi. İlk dəfə Moskvaya gedəndə çox çətin idi. Nə dil bilirdim, nə də bir yer. Mən orda il yarım Qafqaz restoranlarının divanlarında yatmışam. Məni Azərbaycan xalqı o yerdən bura gətirib. Məhz bu səbəbə onlara sonsuz təşəkkür edirəm. Amma bilmək olmaz. Bəlkə də nə vaxtsa uğurlu bir layihə ilə Türkiyə şou-biznesinə qatılaram. İnanın ki, bu işin maddiyyatla heç bir əlaqəsi yoxdur. Əgər burda söhbət puldan getsəydi, mən çoxdan orda olardım. Yəqin hələ tam zamanı deyil.  


- Aleyna Tilki, Reynməni dinləyirsiniz? 

- Xeyr, tərzim deyil, amma hər birinə uğurlar arzu edirəm.  

- Ailənizi demək olar ki, göstərmirsiniz. Niyə? 

- Bəli, onları bacardığım dərəcədə ekranlardan uzaq tuturam. Çünki istəyirəm ki, sadə həyatları olsun. İstədikləri vaxtı bir restoranda otura bilsinlər, ya da rahatlıqla küçədə gəzə bilsinlər. Sıxılmalarını istəmirəm. Çünki ulduzluq həyatı onların psixologiyasında dərin travma qoya bilər.  

- Övladlarınız Türkiyə, Azərbaycan və ya Rusiya tərbiyəsi ilə böyüyürlər? 

- Bildiyiniz kimi, həyat yoldaşım rusdur. Biz nə qədər də desək ki, uşaqlarımız tam bir türk mentalitetinə uyğun şəkildə böyüyürlər, onu yalan demiş olarıq. Bu ən azından indi mümkün deyil. Amma gələcəkdə Rusiyadan köçəcəyik. Xüsusilə də qızımın orda böyüməsini istəmirəm. Həyat yoldaşım xasiyyətimə, dinimə bələddir və hörmətlə yanaşır.  


- Həyat yoldaşınız İslam dinini qəbul edibmi? 

- Həyat yoldaşım müsəlman olmasa da, dinimizə uyğun şəkildə addım atır və yaşayır. Dinimizdə məcburiyyət deyilən bir şey yoxdur, amma düşünürəm ki, o da çox keçməz haqq yoluna gələr. Amma müsəlmançılığa çox meyillidir. Məsələn, namaz qılmağımı o istədi. Daha sonra tez-tez deyir ki, içki içməyim.  

- Övladlarınızın müğənni olmasını istəyərdiniz? 

- Yox. Çünki şou-biznes çox kirlidir. Oğlan uşağı bəlkə, amma qızımın qətiyyən müğənni olmasını istəmirəm. O yollardan necə keçildiyini hər birimiz görürük. Kamala arada deyirəm ki, "oğlum, musiqiçi olmaq istəyirsən?", deyir "yox ata. Mən memar olacağam".  

- Uşaqlarınızla rus dilində danışırsınız? 

- Bəli. Oğlum rus dilində danışır, qızım isə türkçə anlayır, amma cavabı rus dilində verir. Amma həyat yoldaşım türk dilini bilir.  

Sevda Bayramova
VİDEO – FOTO: Fərid Şabanov