Bayramda qapanmalar olacaq - İNFEKSİONİST
    • 10-03-2021, 14:25
    • 940

Bayramda qapanmalar olacaq - İNFEKSİONİST

Son günlər ölkəmizdə karantin rejiminin sərtləşəcəyi ilə bağlı fikirlər səsləndirilir. Yayılan məlumatlara görə, sərtləşdirilmə martın 15-dən başlayacaq. Bəs, mütəxəssislər bu haqda nə deyir? Mövcud koronavirusa yoluxma tempu bu fikrin doğru olduğunu deməyə əsas verirmi?


İnfeksionist Mərdan Əliyev News24.az-a açıqlamasında bildirib ki, iddia olunan məlumatın reallaşma ehtimalı böyükdür: “Karantin qaydalarının yumşaldılması xəstəliyin artmasına səbəb oldu. Hər gün yoluxmaların sayı artmaqda davam edir. Nəzərə alsaq ki, qarşıdan bayram gəlir və bu günlərdə insanlar bir yerdə olmağa, qonaq getməyə üstünlük verəcək, belə olan halda qapanmaların tətbiq edilməsi təəccüblü olmaz. Əks halda insanların bayram günlərində rayonlara getməsi, toplaşması, birgə qeyd etməsi xəstəliyin yoluxma dinamikasının artmasına şərait yaradacaq”. 
 
İnfeksionist vaksinlərin effektliyi barəsində bir az gözləməli olduğumuzu vurğuladı: “Bu, bir az zaman alan məsələdir. Çünki vaksin vurulan kimi öz təsirini göstərmir. Vaksin vurulandan 1 ay sonra (təxminən 28 gün) ikinci doza vurulur. İkinci dozadan 10-15 gün sonra artıq immunitetdə immunoqlobinlər qanda müəyyən səviyyəyə gəlib çıxır ki, xəstəlikdən qoruya bilsin. Bəzi şəxslərdə biz ikinci dozanı hələ indi vururuq”.

Məhərrəm ƏLİYEV