“Təzminatı ödəməsələr, Zəngəzuru qaytaracaqlar” - ŞƏRH -VİDEO
    • 16-03-2021, 14:31
    • 757

“Təzminatı ödəməsələr, Zəngəzuru qaytaracaqlar” - ŞƏRH -VİDEO

“Ermənistanın müxalif dairələri revanşist şüarlar səsləndirməyə davam edərlərsə və yenidən təxribatlara əl atmaq niyyətlərinə düşərlərsə, ölkə başçısının dəmir yumruğu yenidən işə düşəcək. Beləliklə, tarixi torpaqlarımızın qayıtmasında həlledici məqam yaranacaq”.  

Bunu News24.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. 


Deputat Zəngəzurun Azərbaycana qayıtması məsələsini belə şərh edib: “10 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı üçtərəfli bəyanatda 9 maddə öz əksini tapıb. Bu 9 maddədən biri də Mehri dəhlizi vasitəsilə Zəngəzurdan Naxçıvana vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkəti məsələsidir. Bu məsələnin həll edilməsi istiqamətində hökumətlər arasında danışıqlar gedir və reallaşmaq üzrədir”.

Azər Badamov qeyd edib ki, Ermənistanın Azərbaycana vurduğu ziyan yüz milyardlarla ölçülür: “Azərbaycanın işğal altında olan torpaqları ciddi dağıntılara məruz qalıb. Bu ziyan ölkəmizə böyük itkilər verib. Yaşayış məntəqələrimiz viran olub. İnfrastruktur sıradan çıxıb. Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra bərpa işlərinə başlamazdan əvvəl beynəlxalq ekspertlər dəvət etməklə ərazilərdə olan dağıntıların dəyərləndirilməsi və qiymətləndirilməsi işlərini aparır. Bu işlər aparıldıqdan sonra beynəlxalq məhkəmələrə kompensasiya təzminatının ödənilməsi istiqamətində müraciətlər olunacaq. Təbii ki, məbləğlər çox böyük rəqəmlərlə ifadə olunacaq. Ermənistanın həmin məbləği ödəməyə maddi imkanı olmasa, bunun müqabilində Zəngəzuru qaytara bilərik. Zəngəzur müəyyən tarixi səhvlərə görə, Ermənistana verilən tarixi torpağımızdır və qaytarmağa tam haqqımız var. Hər şey qanun çərçivəsində həll olunmalıdır”. 

Siyasət şöbəsi