ABŞ-la qarşıdurma: "Rusiya daha da zəifləyəcək" - ŞƏRH
    • 18-03-2021, 23:13
    • 565

ABŞ-la qarşıdurma: "Rusiya daha da zəifləyəcək" - ŞƏRH

ABŞ Prezidenti Co Bayden Rusiya prezidenti Putini qatil adlandırıb. Bayden “ABC Nyus” kanalına canlı müsahibəsində jurnalistin “Putini qatil sayırsınızmı” sualına cavab olaraq deyib: “Bəli, hesab edirəm, Putin seçkilərə müdaxilə etməsinin cəzasını alacaq". 
 

Putin isə Baydenə cavabında bu sözləri deyib: “Amerikalı həmkarıma nə cavab verim? Mən ona istehzasız və zarafatsız sağlamlıq arzulayıram”.
 
Politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov News24.az-a açıqlamasında bildirib ki, Baydenin sözügedən açıqlamasını "soyuq müharibə"nin yeni mərhələsi hesab etmək olar. 
“Çünki münasibətlər onsuz da gərgin idi. Bu gərginləşmə artıq daha dərin xarakter daşıyacaq. ABŞ prezidentinin Putini qatil adlandırmasını təsadüfi ifadə hesab etmək olmaz. ABŞ prezidenti belə bir ifadə işlədirsə, deməli, arxasında müəyyən bir mövqe var. Bu mövqe isə rəsmi Vaşinqtona aiddir", - Fikrət Sadıqov vurğulayıb.

Politoloqun sözlərinə görə, burada bir sıra məsələlər ortaya çıxır: "Diplomatik əlaqələrin qırılması, sanksiyaların tətbiqi və s. İki ölkə arasında Bu gərginlik hələ 2014-cü ildən başlayıb. O zaman Krım yarımadası ilə bağlı mübahisələr var idi. Bu məsələ Qərb ölkələrini qıcıqlandırdı. Krım yarımadasının Rusiyaya birləşdirilməsi cavabsız qalmadı və ABŞ sanksiyalar tətbiq etdi. Daha sonra Aleksey Navalni məsələsi və ABŞ-da keçirilən president seçkilərinə Rusiyanın müdaxiləsi ajiotaj yaratdı. Bunlar ümumilikdə Amerikanı narahat edən məqamlardır. Münaqişənin sonunda Rusiya daha da zəifləyəcək. Hesab edirəm ki, gərginlik bir müddət davam edəcək”.

Siyasət şöbəsi