Dövlət İmtahan Mərkəzində GRE imtahanı keçiriləcək
    • 23-03-2021, 09:56
    • 444

Dövlət İmtahan Mərkəzində GRE imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) martın 26-da GRE imtahanı keçiriləcək.

Mərkəzdən News24.az-a verilən xəbərə görə, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı 2021-ci il martın 26-da DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

İmtahanda iştirak edəcək şəxslər saat 08:00-dan gec olmayaraq aşağıda tələb olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə. 

İmtahan iştirakçısı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edib imzalamalı və özü ilə gətirməlidir.

İmtahan saat 9:00-da başlayır.

COVID-19 virusu ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaqdır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

GRE General Test imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.