Azərbaycan Ermənistana qaz sata bilər- EKSPERT
    • 23-03-2021, 12:20
    • 1 073

Azərbaycan Ermənistana qaz sata bilər- EKSPERT

“Şimali Qafqaz-Zaqafqaziya” qaz kəməri təmirə dayandığından Rusiya qazı Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisindən ixrac ediləcək. Bu barədə “Qazprom eksport” məlumat yayıb. Məlumatda bildirilir ki, bununla bağlı martın 16-da Rusiyanın “Qazprom” şirkəti SOCAR-la qısamüddətli müqavilə bağlayıb. SOCAR məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, “Şimali Qafqaz-Zaqafqaziya” magistral boru kəmərində müvəqqəti təmir getdiyindən Rusiya müraciət edərək, qazın Azərbaycandan Gürcüstana tranzit olunması ilə bağlı xahiş edib: “Nəticədə Rusiya qazının ödəniş qarşılığında müvəqqəti olaraq Azərbaycandan keçməklə Gürcüstana verilməsi barədə razılığa gəlinib”.

Məsələni News24.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ilkin baxışdan müvəqqəti müqavilə kimi görünsə də, əslində, alternativ maşrut kimi Rusiya tərəfindən test edilir: “Çünki Rusiya qazı Ermənistanın işğalçı siyasəti nəticəsində Gürcüstan üzərindən Rusiyaya nəql olunurdu. Azərbaycan üzərindən Sovet vaxtından qalan qaz xəttləri kəsilmişdi. Gürcüstan və Rusiya münasibətlərinin rəvan olmaması qaz kəmərləri ilə bağlı zaman-zaman problemlər yaradırdı. Son zamanlar Rusiya Ermənistana gedən qazın tranzit xərclərini artırmaqla bağlı qərarlar aldı. Rusiya və Ermənistan arasında həm dəmiryol, həm avtomobil, həm də boru kəmərləri ilə bağlı alternativ xərclərə ehtiyac yaranırdı. Rusiya Azərbaycan üzərindən keçməklə bu məsələnin həllini istəyir”. 


Ekspert qeyd edib ki, burada Azərbaycanın da maraqları var: “Mehri koridorunun açılması yeni nəqliyyat dəhlizləri yaradıb. Hətta gələcəkdə imkan olsa, Azərbaycanın özünün Ermənistana qaz satması daha doğru olar. Bu, postmüharibə dövründə həm regional əməkdaşlığın bərqərar olmasına, həm də Ermənistana təzyiq vasitələrinin əldə edilməsinə şərait yaradır. Gələcəkdə Ermənistan hansısa ritorik dəyişikliyə uğrasa, işğalçı siyasəti ilə bağlı müəyyən addımlar atmağa cəhdlər göstərsə, Ermənistana təzyiq etmək üçün əlimizdə alternativ fürsətlər yaradır. Bu baxımdan Azərbaycanın addımını normal qarşılayıram. Hətta düşünürəm ki, gələcəkdə elə etmək lazımdır ki, Ermənistanın Azərbaycanda iqtisadi və kommunikasiya asılılığı getdikcə artsın. Bu, gələcəkdə regional münasibətlərin normallaşdırılmasında və Azərbaycanın regionda daha da söz sahibi olmasında önəmli rol oynaya bilər”.  

Siyasət şöbəsi