Azərbaycan ziyalıları “UNESCO”ya səsləndi: TERRORUN SİMASI YOXDUR
    • 25-03-2021, 16:08
    • 871

Azərbaycan ziyalıları “UNESCO”ya səsləndi: TERRORUN SİMASI YOXDUR

Azərbaycanın bir qrup ziyalısı UNESCO-nun baş direktoru Odre Azuleyə müraciət edib. Müraciətdə Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsi ilə bağlı ciddi narahatlıq ifadə olunub.
 
News24.az müraciətlə bağlı siyahıda adı olan ziyalılardan bir neçəsinin fikirlərini öyrənib.
 
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, son onilliklərdə Ermənistan Azərbaycanın tarixi, dini, mədəniyyət nümunələrini barbarcasına məhv edərək dağıdıb: “Artıq 21-ci əsrdir və dünyada maddi-mədəniyyət abidələrinin qorunması ilə bağlı beynəlxalq hüquq mövcuddur. Ermənilər təkcə Azərbaycandan işğal etdikləri ərazilərdə deyil, tarixən bizə mənsub olan Qərbi Azərbaycan torpaqlarında da maddi-mədəniyyət nümunələrini yerlə yeksan edib. Bu mədəniyyət nümunələrinin bir qismi İslama qədərki, digər qismi isə İslamdan sonrakı dövrə aiddir. 
 
 

Xüsusilə, son 100 ildə tarixi torpağımız olan İrəvanda və Ermənistanın digər şəhərlərində dini abidələrimizə qarşı soyqırım törədilib. “Şah Abbas”, “Göy”, “Dəmirbulaq” başda olmaqla çoxsaylı məscidlərimiz tamamilə dağıdılıb. Onların qorunması və bərpa olunması günün ən aktual məsələlərindən biridir. Azərbaycan xalqı öz yaratdığı maddi abidələrə sahib çıxmalıdır. Bizim UNESCO-nun baş direktoruna müraciətimiz də məhz bununla bağlıdır. Beynəlxalq humanitar hüquq Azərbaycanın tərəfindədir. Biz inanırıq ki, UNESCO-nun müvafiq qurumları bu məsələ ilə ciddi məşğul olacaq, Azərbaycan tərəfi məlumatlandırılacaq, eyni zamanda, erməni vandalizmi ilə bağlı dünya ictimaiyyətinə məlumat verəcək”. 
 
Xalq artisti, professor Mənsum İbrahimov qeyd edib ki, tarix boyu mənfur qonşumuzdan hər zaman əziyyət çəkmişik: “Ermənistanda 300 məscid və 500-dən çox qəbirstanlığımız dağıdılıb. Ermənilər bizim orada yaşadığımızı unutdurmaq istəyirlər. Ziyalılarımızın UNESCO-ya bu müraciəti zəruri addımdır. UNESCO Ermənistana müəyyən bir qrup göndərməlidir ki, bizə dəyən zərər hesablansın. Məqsəd ermənilərin vandallığını dünyaya sübut etməkdir. Hər bir vətəndaşımız, ziyalımız, media nümayəndəmiz fəal olmalıdır. Çünki diplomatik müharibə hələ də bitməyib”.
 
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli vurğulayıb ki, dinlərarası dialoqun tənzimləsi və mədəni irsin qorunması üçün tarixi həqiqətlər ortaya çıxmalıdır: “Azərbaycan abidələrinin tarix boyu dağıdılması, yerlə-yeksan olunması, azərbaycanlıların izinin itirilməsi xalqımızın hər bir nümayəndəsi kimi bizi də düşündürür. Tarixi həqiqətlərinin araşdırılıb, üzə çıxmasını zəruri hesab edirik. Bilavasitə bu missiyanı həyata keçirən təşkilat Ermənistanda araşdırmalar aparmalı, vaxtilə tamamilə azərbaycanlılardan ibarət olan bu ərazidə yerləşən dini, maddi-mədəniyyət abidələrinin yerlə yeksan olunması barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmalı və Ermənistanın azərbaycanlılara olan potensial nifrətinin və etnik təmizləmə prosesinin səbəblərinin mahiyyətini dünyaya çatdırmalıdır. Tarixi faktlar təkcə bu gün üçün yox, həm də gələcək üçün mühüm əhəmiyyət kəsb edir. Terrorun siması yoxdur, müxtəlif rəng və çalarları var. Ancaq hər birində insanlığa və bəşəriyyətə nifrət dayanır”. 
 
Siyasət şöbəsi