Mark Zukerberq nə qədər maaş alır?
    • 6-05-2024, 12:35
    • 248

Mark Zukerberq nə qədər maaş alır?

Texnologiya dünyasının ən böyük və nüfuzlu şirkətlərindən biri və Facebook, Instagram, WhatsApp-ın ana şirkəti olan Meta-da çalışanların nə qədər pul qazandıqlarını bilirsinizmi?

News24.az xəbər verir ki, bu sual öz cavabını bu yaxınlarda tapıb. Şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənəddə, 2023-cü il etibarilə orta əmək haqqının 379 min dollar olduğu bildirilib.

Eyni sənədə görə, Meta-da təxminən 67 min insan çalışır. Bu o deməkdir ki, ən yüksək və ən aşağı maaşlar arasında böyük fərqlər ola bilər.

Şirkət daxilində yüksək səviyyəli proqram təminatı mühəndisləri, tədqiqatçıların baza maaşları məhsul dizaynerləri və istifadəçi təcrübəsi üzrə mütəxəssislərin maaşlarından daha yüksəkdir.

Lakin bir işə götürmə firmasının sadaladığı məlumatlara görə, Meta-da işçilərin orta maaşı orta texnoloji mövqenin maaşından yüksəkdir. Sözügedən əmək haqqı işçilərin vəzifələrindən asılı olaraq 35 min ilə 120 min dollar arasında dəyişir.

Bununla belə, ümumiyyətlə Silikon Vadisinə baxanda Meta-nın medianı çox böyük rəqəm deyil. Google və Amazon kimi sənaye nəhənglərində çalışan bir çox insan ildə 300.000 dollardan çox qazanır.

BƏS MARK ZUKBERQ NƏ QƏDƏR MAAŞ ALIR?

SEC-ə təqdim edilən sənəddə 2023-cü ildə Mark Zukerberqə edilən ümumi ödənişin 24,4 milyon dollar olduğu da bildirilib.

Qeyd edək ki, bu ödənişlərin əhəmiyyətli bir hissəsini təhlükəsizlik və logistika xərcləri təşkil edir, çünki Zukerberqin maaşı rəsmi olaraq cəmi 1 dollardır. (Təbii ki, Meta səhmlərinin xalis dəyərinin 157 milyard dollar olduğunu xatırladaq.)

Digər tərəfdən, bu yüksək maaşlara baxmayaraq, Meta-da işləmək getdikcə çətinləşir.

Bu ilin əvvəlində Zukerberq işçilərinə performans qiymətləndirmələri və işdən çıxarmalar yolu ilə məhsuldarlığı artırmaq məqsədi daşıyan "Məhsuldarlıq İli" adlı prosesin qalıcı olacağını açıqlayıb.

Onu da bildirək ki, Facebook 2022-ci ildən bəri işçilərinin 22 faizi ilə yollarını ayırıb. İşçilərin ixtisarının davam edəcəyi də gözlənilir. Meta son rübdə gəlirlərini artırıb. Bununla belə, Zukerberqin süni intellekt layihələrinə milyonlarla dollar xərcləmək əzmi investorları qorxudur.

Günel Məlikzadə