Çinlə Britaniya arasında qalmaqal - SƏFİR XİN-ə ÇAĞIRILACAQ
    • 26-03-2021, 17:29
    • 546

Çinlə Britaniya arasında qalmaqal - SƏFİR XİN-ə ÇAĞIRILACAQ

Çinin Londondakı səfiri rəsmi Pekinin Böyük Britaniya vətəndaşlarına qarşı sanksiya tətbiq etməsi və Sincandakı vəziyyətlə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə çağırılacaq.

Bu barədə jurnalistlərə açıqlamasında Britaniyanın xarici işlər naziri Dominik Raab deyib.
Nazirin sözlərinə görə, səfir XİN-ə çağırılaraq ona izah ediləcək ki, insan haqları pozuntularına səssiz qalmayacaqlar.
Bu gün Çin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilib ki, rəsmi Pekin Böyük Britaniyadan olan bir sıra şəxslərə qarşı sanksiya tətbiq edib. Buna səbəb Çinin Sincan Uyğur Muxtar Bölgəsi ətrafında yaranmış vəziyyətlə bağlı yalan və dezinformasiyaların yayılmasıdır. Pekin artıq bu istiqamətdə insan hüquqları mövzusunda yalan məlumatlar yayan 9 britaniyalı fiziki və dörd hüquqi şəxsə sanksiya tətbiq edib. Nazirliyin bəyanatında sanksiyaya düşən şəxslərin və ailələrinin Çinə girişinə qadağa qoyulacağı bildirilib. Çin vətəndaşları və qurumları da sanksiya siyahısında olan insanlar və şirkətlərlə ticarət, əməkdaşlıq edə bilməyəcəklər.

Siyahıdakı şəxslər arasında Britaniya parlamentinin üzvləri, keçmiş əmək və pensiya naziri, Mühafizəkarlar Partiyasının sabiq lideri Yan Dunkan Smit və digər tanınmış britaniyalılar da var. /Unikal.org/