250-dən çox hərbçiyə əlillik təyinatı aparıldı - ƏƏSMN
    • 3-04-2021, 11:55
    • 443

250-dən çox hərbçiyə əlillik təyinatı aparıldı - ƏƏSMN

Ölkənin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərkən xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsi prosesi davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-a verilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya  Agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların səyyar formada əyani müayinələrini həyata keçirir.  

Yaralı hərbi qulluqçular paytaxt və regionlar üzrə yaşadıqları ünvanlarda, yaxud tibb müəssisələrində ziyarət edilməklə, onlarla bağlı müayinə aktları tərtib edilir. Hər birinə dair  foto və videogörüntülər toplanır.

Hərbi qulluqçuların xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr təqdim olunur. Bundan sonra Səhiyyə Nazirliyinin və digər aidiyyəti qurumların tibb müəssisələri tərəfindən göndəriş elektron sistemə daxil edilir.

Yekun mərhələ olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin göndərişlərə çevik şəkildə baxılaraq əlilliyin qanunvericiliyə uyğun operativ qiymətləndirilməsi aparılır. Artıq 250-dən çox hərbçiyə əlillik təyinatı aparılıb və proses davam edir.