Yevlax sakininə xəsarət yetirilərək avtomobili qaçırıldı
    • 12-04-2021, 12:49
    • 481

Yevlax sakininə xəsarət yetirilərək avtomobili qaçırıldı

Quldurluq hadisəsi törədən şəxslər saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, aprelin 7-də Yevlax şəhəri ərazisində şəhər sakini İ.Məcidovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə sərnişin qismində oturan 2 nəfərin Beyləqan rayonuna getmək istədikləri, lakin Avşar kəndi ərazisində sürücünün baş nahiyəsinə küt alətlə xəsarət yetirib nəqliyyat vasitəsində hadisə yerini tərk etmələri barədə Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Ağcabədi şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ələsgərov və Gəncə şəhər sakini C.Quliyev Zərdab RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Ağcabədi RPŞ-yə təhvil veriliblər.

Avtomobil müvəqqəti duracağa yerləşdirilib.

Ətraflarında aparılan tədbirlərlə onların Ağcabədi rayonu ərazisindəki iki yardımçı təsərrüfatdan ümumilikdə 19 baş qoyun oğurlamaları müəyyən edilib.

Onlar izahatlarında cari ilin mart ayında Tərtər rayonu ərazisində daha 11 baş qoyun oğurlamalarınıda bildiriblər.