Uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili ilə bağlı qərar verildi
    • 1-05-2021, 16:08
    • 480

Uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili ilə bağlı qərar verildi

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edib.

News24.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun 25-ci maddəsinə və “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq verilib.

Qərara əsasən, xəstəliyə yoluxma riskinin azaldılması məqsədilə hava gəmisində olan sərnişinlərə profilaktik sanitar-gigiyena tədbirləri (əl gigiyenası, fiziki məsafə (bundan sonra – məsafə), tənəffüs gigiyenası və digər profilaktik tədbirlər) barədə məlumat verilir, habelə hava gəmisində ümumi istifadədə olan səthlər mütəmadi təmizlənəcək və dezinfeksiya ediləcək.

Azərbaycandan yola düşən, uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar. Belə müayinə xərcləri sərnişinlərin özləri tərəfindən ödənilir. Ölkədaxili uçuşlarda Azərbaycan Respublikasının vətəndaşları üçün bu müayinələr ödənişsiz əsaslarla aparılır.