Yaxın Şərqdə gərginlik: BMT Təhlükəsizlik Şurası bu gün üçüncü dəfə toplaşır
    • 16-05-2021, 16:10
    • 608

Yaxın Şərqdə gərginlik: BMT Təhlükəsizlik Şurası bu gün üçüncü dəfə toplaşır

İsrail və Fələstin arasında hərbi qarşıdurma səngimək bilmir. Tərəflər bir-birini raket atəşinə tutmağa davam edirlər. Həmçinin İsrail aviasiyası Qəzza zolağında bir sıra hərbi hədəflərə zərbə endirib. Bölgədəki gərginlyi azaltmaq üçün beynəlxalq səylər isə davam etdirilir.
 
News24.az xarici mediaya istinadla xəbər verir ki, Bu gün BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki qarşıdurma ilə bağlı açıq iclası keçiriləcək.
 

Mayın 10-dan Qəzza zolağından İsrail ərazisinə 2,8 mindən artıq raket atılıb. Bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Conatan Konrikus onlayn-brifinq zamanı deyib. 

Qəzza zolağına nəzarət edən HƏMAS hərakatının "İzzəddin Əl-Qəssam Briqadası"nın komandanlığı da İsrailin bir neçə şəhəri istiqamətində raketlər buraxdığını açıqlayıb. Məlumata əsasən, raketlər İsrailin Tel-Əviv, Hader, Aşkelon və Sderot şəhərləri istiqamətində buraxılıb. 
  İsrail aviasiyası isə mayın 15-i Qəzza zolağında 11 mərtəbəli binaya zərbə endirdiyini təsdiqləyib. Məlumatda deyilir: "HƏMAS terror təşkilatının kəşfiyyat xidmətlərinə məxsus hərbi texnikanın yerləşdiyi çoxmərtəbəli binaya zərbə endirilib. Binada Həmasın "canlı qalxan" kimi istifadə etdiyi media ofisləri də yerləşirdi". 
 
Bildirilir ki, İsrail ordusu öncədən binadakı mülki insanlara xəbərdarlıq edib və təxliyə üçün vaxt verib. HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Kassam Briqadasının rəsmi kanalı Teleqram tərəfindən bloklanıb. Kanalın servisin istifadə qaydalarını pozduğuna görə bağlandığı bildirilib.  

İsrail ordusu Qəzza zolağından radikalların hücumuna cavab olaraq bütün mümkün variantlar üzərində işləyir. İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi “Hökumət, təhlükəsizlik kabineti orduya əmr verib ki, bütün variantlara istisnasız tam hazır olsunlar”, – deyə   bildirib. O, həmçinin HƏMAS-ın Qəzza zolağındakı hərbi infrastrukturuna maksimal zərbə endirilməsi barədə tapşırıq verildiyini vurğulayıb. 
 
Bundan başqa İsrail Hərbi Hava Qüvvələri HƏMAS Siyasi Bürosunun sədrinin müavini Xəlil əl Hayinin, həmçinin iki yüksək vəzifəli komandirinin Qəzzadakı evinə zərbə endirib. Zərbələrin hədəfinin Xan Yunis taborunun komandiri Tisar Mevaşir və Deyr əl Balax terror təşkilatının komandiri Azi Tama olduğu bildirilib.
 
ABŞ Prezidenti Cozef Bayden Fələstin lideri Mahmud Abbasla telefon danışığı zamanı HƏMAS-ın İsrailə zərbələri dayandırmalı olduğunu deyib. Bayden Fələstin xalqının onun layiq olduğu iqtisadi imkanlar şəraitində azad, təhlükəsiz və layiqli həyatının təminini dəstəklədiyini bildirib.
 
Qeyd edək ki, bundan öncə Baydenlə İsrail Baş naziri Benyamin Netanyahu arasında da telefon danışığı baş tutmuşdu. 
 
İsrail və Fələstin nümayəndələri, eləcə də BMT-nin Baş katibi Antoniu Quterriş bu gün Təhlükəsizlik Şurasının bölgədəki gərginliklə bağlı açıq iclasında çıxış edəcəklər. Bu, Təhlükəsizlik Şurasının bir həftə ərzində Fələstin-İsrail məsələsinə dair sayca üçüncü iclası olacaq. Lakin iclas ilk dəfə olaraq açıq formatda və münaqişə tərəflərinin iştirakı ilə keçiriləcək.
 
Onu da deyək ki, mayın 10-dan İsrail ordusu və Qəzza zolağındakı Fələstin qruplaşmaları arasında qarşılıqlı raket hücumları davam edir. Raket hücumları Şərqi Qüdsdə Əl-Əqsa məscidi yaxınlığında baş verən iğtişaşlardan sonra başlayıb.