"Əsrlərlə belə bir rəssamla eyni zamanında yaşadığımız üçün fəxr edəcəyik" - Sakit Məmmədov
    • 24-05-2021, 13:37
    • 487

"Əsrlərlə belə bir rəssamla eyni zamanında yaşadığımız üçün fəxr edəcəyik" - Sakit Məmmədov

"Mən onunla dost idim. O Bakıya gələndə günlərimiz bir yerdə keçirdi. Evimə, emalatxanama gəlirdi. Dünyanın bir çox ölkəsində festivallara qatılmışıq. Tahir Salahov deyəndə Azərbaycan rəssamlığının kralı göz önünə gəlir. Bu, Azərbaycan rəssamlığının nə qədər böyük olduğunu göstərir".

News24.az xəbər verir ki, bu sözləri Xalq rəssamı Sakit Məmmədov Tahir Salahovun dəfn mərasimində onunla bağlı xatirələrini dilə gətirərkən deyib. S.Məmmədov qeyd edib ki, bəzən rəssamlıq sənətinə dırnaqarası, adi peşə kimi baxılıb, amma Tahir Salahov sənətin nə qədər böyük olduğunu göstərib: "Hər zaman ən yüksək zirvələrdə oturub və ömrünün son gününə qədər də oralarda qaldı. Onun çox böyük rəngli dünyası var idi. Onda böyük həyat eşqi var idi. Danışanda hər zaman yaşayıb yaratmaqdan danışırdı. Həm yaşadı, həm yaratdı. Onun çətin günləri də çox olub. Buna baxmayaraq o, heç vaxt bunları dilə gətirmirdi. Dünyanın ən xoşbəxt insanı kimi görünürdü. Amma daxilən onun içində kədərli günləri də olub. Bunu sənətdə göstərməyib. O, Azərbaycan, Abşeron qadınlarının obrazlarını yaratdı, bütün dünyaya göstərdi. Neftçiləri, əli qabarlı fəhlələri sevə-sevə neftdaşlarına gedib çəkmişdi. O harada olmağından asılı olmayaraq alicənablığından qalmırdı. Həmişə insanların içində seçilirdi. Nümunəvi şəxsiyyət idi. Əsrlər boyu belə bir rəssamın zamanında yaşadığımız üçün fəxr edəcəyik. Eyni zamanda mən də fəxr edirəm ki, belə bir dostum olub. Hətta filmində də ona dostu barədə sual verdilər. O isə dedi ki, hal-hazırda bir dostum var, o da Sakit Məmmədovdur. Təbii ki, məndən də yaxın onunla oturub-duran insanlar var idi. Amma sənətkar kimi, sənət dostu kimi məni özünə dost sayırdı. Biz tez-tez onunla telefonla danışırdıq. Axırıncı dəfə Almaniyada ikən danışdım. Dedi ki, Bakıya gələcək və görüşəcəyik. Ümumiyyətlə Tahir Salahov haqda saatlarla danışa bilərəm”.

Sevda Bayramova