Səfər Mehdiyev Baş Gömrük İdarəsindəki həbslərə münasibət bildirdi
    • 24-05-2021, 19:36
    • 486

Səfər Mehdiyev Baş Gömrük İdarəsindəki həbslərə münasibət bildirdi

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev “Qafqazinfo”ya müsahibə verib. 

News24.az müsahibəni təqdim edir:

- Səfər müəllim, ötən həftə Bakı Baş Gömrük İdarəsinin əməkdaşları rüşvət iddiası ilə saxlanıldı. Bu barədə nə deyə bilərsiniz?

- Gömrük sistemində aparılan islahatların əsas məqsədlərindən biri də korrupsiya hallarının aradan qaldırılması, şəffaflığın tam təmin olunmasıdır. Bu məqsədlə gömrük orqanları vətəndaş-məmur təmasının minimuma endirilməsi, gömrük-biznes münasibətlərinin açıq, şəffaf müstəvidə qurulması üçün bütün zəruri addımları atır və Komitənin aidiyyəti strukturları tərəfindən xüsusi nəzarət tədbirləri həyata keçirilir.

İslahatların reallaşdırılmağa başlandığı andan kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq qanunazidd əməllərə yol verən gömrük əməkdaşlarının qanunvericiliyə uyğun olaraq cəzalandırılacağı dəfələrlə tərəfimizdən bəyan edilib. Bu istiqamətdə gömrük orqanlarının aidiyyəti strukturları tərəfindən aşkar edilən faktlar üzrə təqsirli bilinən şəxslər cəzalandırılıb və bu barədə də ictimaiyyət mütəmadi olaraq məlumatlandırılıb.

Bakı Baş Gömrük İdarəsində qeydə alınan fakt da birbaşa Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən nəzarətə götürülüb, müvafiq prosedurlar aparıldıqdan sonra araşdırmanın qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi məqsədilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilərək birgə əməliyyat həyata keçirilib. Hazırda fakt üzrə araşdırma aparılır və gömrük orqanları gömrük işinin təşkili prosesində ortaya çıxan neqativ halların qarşısının alınmasında təşəbbüskar və maraqlı olan tərəfdir.

Lakin çox təəssüflə qeyd etməliyəm ki, bəzi dairələr məsələni konteksdən çıxarmağa, bu qəbildən olan neqativ halların gömrük orqanlarında guya kütləvi hal aldığına dair rəy formalaşdırmaqla gömrük xidmətinin fəaliyyətinə kölgə salmağa çalışırlar.

Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, bunlar bizi hədəfimizdən yayındıra bilməz, bundan sonra da bütün səylərimizi səfərbər edərək ölkədə münbit sahibkarlıq mühitinin formalaşdırılmasına, xarici ticarət fəaliyyətinin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsinə öz töhfəmizi verməyə çalışacağıq.

- Hazırda gömrük orqanlarına qarşı irəli sürülən ittihamlardan biri də idxal edilən malların gömrük dəyərinin artırılmasıdır. Bu ittihamlara münasibətiniz?

- Son günlər bəzi ekspertlər və media orqanları tərəfindən idxal əməliyyatları zamanı bütün malların gömrük dəyərinin süni surətdə artırıldığı iddia edilir ki, bu da əsla həqiqətə uyğun deyil. Belə ki, Azərbaycan gömrük xidməti beynəlxalq aləmdə tətbiq edilən, Ümumdünya Gömrük Təşkilatı tərəfindən tövsiyə olunan üsullar və yanaşmalar əsasında fəaliyyətini formalaşdırıb. Hazırda gömrük əməliyyatları risk əsaslı gömrük nəzarət tədbirləri əsasında həyata keçirilir ki, bu da insan amilinin mümkün dərəcədə aradan qaldırılması, müasir metodologiyaları özündə ehtiva edən xüsusi proqram təminatının tətbiqi ilə reallaşdırılır. Yəni gömrük orqanlarına ötürülən hər hansı gömrük bəyannaməsi proqram təminatı vasitəsilə analiz olunur, risk amili ortaya çıxdığı təqdirdə araşdırma aparılır.

Digər tərəfdən xarici ticarət iştirakçıları tərəfindən həyata keçirilən idxal əməliyyatlarının fərdi qaydada yoxlamaya məruz qalması fiziki baxımdan da mümkün deyil. Belə ki, gün ərzində gömrük orqanları tərəfindən iki minə yaxın gömrük bəyannaməsi emal edilir. Bu bəyannamələrin tək-tək incələnməsi günlərlə, həftələrlə vaxt tələb edir ki, bu da istər sərhədkeçmə, istərsə də rəmiləşdirmə proseslərinin ləngiməsi və nəticə olaraq təchizat zəncirinin davamlılığının pozulmasına gətirib çıxara bilər. Onu da qeyd edim ki, 2020-ci ildə ümumi idxal əməliyyatlarının yalnız 5 faizi ətrafında gömrük dəyəri ilə bağlı risklər yaranıb və dəyərin təshih olunması həyata keçirilib.

Yeri gəlmişkən, avtonəqliyyat vasitələrinin idxalı prosesi zamanı gömrük orqanlarının kütləvi şəkildə gömrük dəyərini süni şəkildə artırdığına dair səslənən iddialar da həqiqətə uyğun deyil. Sadəcə bir faktı qeyd etməklə bu iddialara aydınlıq gətirmək olar. Belə ki, 2020-ci ildə ölkəyə idxal edilən avtonəqliyyat vasitələrinin yalnız 4 faizinin bəyanetmə prosesində gömrük orqanlarına yanlış məlumatlar təqdim edilib və dəyər yenidən müəyyənləşdirilib. Digər hallarda isə vətəndaşlar tərəfindən təqdim olunan sənədlərdə hər hansı uyğunsuzluq aşkar olunmayaraq rəsmiləşdirmə başa çatdırılıb.