Siyavuş Novruzov: "Ölkədə kredit alanı yoxlayırlar, verəni isə yox"
    • 27-05-2021, 17:20
    • 623

Siyavuş Novruzov: "Ölkədə kredit alanı yoxlayırlar, verəni isə yox"

“Azərbaycanda kredit məsələsi heç də birmənalı şəkildə qarşılanmır. Ölkədə bir çox sahələrdə dəyişikliklər oldu. Ancaq kredit məsələsi düzəlmədi ki, düzəlmədi…”
 
News24.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov bu gün Milli Məclisin iclasında deyib. O qeyd edib ki, ölkədə kredit alanı yoxlayırlar, verəni isə yox: “Bir də gördün ki, 4 bank bağlanıb. Bunların fəaliyyəti yoxlanılmadı. Nəticədə də günün günorta çağı qərar verdilər ki, banklar bağlandı. Kredit faizləri ilə deposit arasında ən azından 10-12 faiz fərq verir. Nəticədə vətəndaşa 24 faizə kredit təklif edilir. 24 faizə kredit götürənin onu qaytarmaq məsələsi var. 

Bundan əlavə, müəyyən miqdarda kredit götürürsənsə, ondan 2-3 qat artıq girov qoymaq tələb olunur. Nəticə etibarilə kimsə öz qohumunun evini gətirib banka girov qoyur. 24 faizlə də krediti qaytara bilmir. Nəticədə də bank gəlib evi götürür və vətəndaş nəticədə evsiz qalır. Bu kredit məsələsi fundamental şəkildə həll edilməlidir. Güzəştli kredit də ikiqat girov tələb olunur. Vətəndaş kredit götürür ki, iş açısın. Əksinə biz onu boğuruq ki, olan-qalanını da gətirib banka versin”.