MHP Şuşada tikəcəyi məktəbdən imtina edir?
    • 29-05-2021, 23:24
    • 462

MHP Şuşada tikəcəyi məktəbdən imtina edir?

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının Azərbaycanın işğaldan azad etdiyi Şuşa şəhərində inşa etməyi planlaşdırdığı layihə ləğv edilib. 

News24.az xəbər verir ki, bu barədə partiyanın rəhbəri Dövlət Baxçalı "Twitter" hesabında məlumat verib. O bildirib ki, layihə Azərbaycan tərəfindən qəbul edilməyib: "16 yanvar 2021-ci ildə sosial mediada verdiyim bir açıqlamada  "Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi"nin təşəbbüsü ilə Qarabağ qələbəsindən sonra Azərbaycanın intellektual və bədii həyatında görkəmli yeri olan Şuşada doqquz sinifli  məktəb inşa etməyi öhdəmizə götürdüyümüzü bildirmişdim. Bu çərçivədə layihəmizi hazırladıq və ictimaiyyətlə paylaşdıq. İnşa etmək istədiyimiz məktəbə Azərbaycan Dövlət Himninin bəstəkarı və Şuşada anadan olan mərhum Üzeyir Hacıbəylinin adını verməyi düşündük. Sözügedən məktəbin təməlqoyma günü kimi 30 yanvar 2021-ci ili planlaşdırmışdıq. Ancaq Azərbaycan rəhbərliyi layihəmizi qəbul etmədi. Yeni və fərqli bir məktəb layihəsi hazırladı. Əlbəttə ki, bu  onların ən təbii haqqıdır və onlara hörmət etməkdən başqa çarəmiz yoxdur. Buna görə də Milliyyətçi Hərəkat Partiyası Şuşada inşa etdirəcəyi məktəb layihəsindən imtina etdi. Məktəbin tikintisini dəstəkləyən qardaşlarımızdan yardım və ianə adı altında yığılan vəsait təxirə salınmadan və eyni şəkildə qaytarılacaq". 

Məsələ ilə bağlı Musavat.com saytı ən müxtəlif instansiyalarla əlaqə saxlayıb və işin əslini öyrənməyə çalışıb. Nəhayət, nəticə əldə edilib. Ən mötəbər qaynaqlardan əldə etdilən məlumatlar belə bir ehtimala əsas yaradır ki, məsələnin mahiyyəti hörmətli Dövlət Baxçalıya düzgün çatdırılmayıb.

Belə ki, qarşıdakı dövrdə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana və Şuşaya səfəri nəzərdə tutulub. Həmçinin cənab Baxçalının da Şuşaya səfəri və tikiləcək məktəbin təməlqoyma mərasimində iştirak etməsi gündəmdədir.

Məktəbin tikintisi ilə bağlı məsələyə gəlincə, Şuşa kiçik şəhər olduğuna görə, burada həyata keçirilən bütün layihələr çox dəqiq ölçülüb-biçilir. Əsas məqsəd də odur ki, görülən işlər şəhərin tarixi mədəni mənzərəsinə, harmoniyasına uyğun olsun.

Hazırda MHP-nin təklif etdiyi məktəb layihəsi ilə şəhərin ümumi mənzərəsi və görülən işlər arasında uyğunluğun təmin edilməsi prosesi nəzərdən keçirilir.

Media qrup dəqiq məlumat əldə edib ki, hər bir halda əvvəlcədən razılaşdırılmış məsələlər gündəmdədir və bununla bağlı hər hansı dəyişiklik yoxdur. Hazırda məsələlər işçi qaydada müzakirə edilir.