"Onların başları boşdur, beyinləri işləmir"- CAVAN ZEYNALLI
    • 3-06-2021, 17:42
    • 653

"Onların başları boşdur, beyinləri işləmir"- CAVAN ZEYNALLI

"Mən efirlərdə çox görünməyi sevməyən sənətkaram. Məncə, çox görünəndə insanları bezdirmiş olursan. Buna görə də, hər dəvətə getmirəm, seçim edirəm. Maşallah, ölkəmizdə o qədər telekanal var. Bəyəm hamısına çıxmaq lazımdır? Hər gün efirə çıxmaq "bomba" olmaqdır? Xeyr! Hər şey qədərində olsa yaxşıdır".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Cavan Zeynallı deyib. 

O, söhbət əsnasında "Lider TV"-nin bağlanmasına görə məyus olduğunu bildirib: "O kanalda çox çıxış edirdim. Bağlanması mənə çox pis təsir elədi. Orda caz proqramları çox idi. İndi bir çox telekanallar cazın nə olduğunu bilmir, heç məlumatları da yoxdur. Cazı yaşatmaq lazımdır, unutdurmaq yox. Bu musiqi janrı insanın ürəyini fəth edir, onu yüksəklərə qaldırır. Təəssüf ki, bəzi kanallar belə gözəl musuqiləri yox, kimlərinsə yağlı danışıqlarını verirlər. Halbuki dinləyəndə görürsən onların beyni işləmir, başları boşdur. Anlamırlar ki, insan arada susmağı da bacarmalıdır".

Xalq artisti onu da vurğulayıb ki, dünyadakı pandemiya üzündən konsertlər keçirilmir, bu da cazın inkişafına mənfi təsir göstərir: "Fikrimcə, caz artıq bitdi, yoxdur. ABŞ-da, Almaniyada, Türkiyədə, İtaliyada bu musiqi növü dayanıb. Gərək cazmenlər mütəmadi olaraq konsert proqramı ilə çıxış etsinlər, amma pandemiya buna imkan vermir. Caz intellektual musiqidir. O səslənməyəndə məhv olur. Çazmenlərin ovqatına çox pis təsir edir".

Cazmen sözünün sonunda "COVİD-19"-dan ciddi şəkildə qorunduğunu da bildirib: "İki ay öncə peyvənd olunmuşam. Bəziləri deyirlər, vaksindən sonra kimsə ölür, ya xəstələnir, amma elə şey yoxdur. Əksinə, mən vaksindən sonra özümü daha yaxşı hiss etməyə başladım".